“1:3 hesabı ilə məğlub olanda sanki, turnirlə vidalaşmısan. Ona görə də itirəcəyimiz bir şey yoxdur. Çalışacağıq, bu işimizdir”.

Rekord.az xəbər verir ki, bu sözləri “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 finalında “Real”la keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında azarkeşsiz bir oyunda geridönüş edəcəklərinə söz vermədiyini bildirib:

“Bir neçə il əvvəl “Borussiya”nı çalışdırdığım vaxt “Real”a qarşı oynamışıq. 0:3 hesabı ilə məğlub olduqdan sonra jurnalistlər məndən hər şeyin bitib-bitmədiyini soruşdular.

Mən isə "çox güman ki" dedim. Cavab matçında 2:0 qalib gəldik. İndi yalnız qələbə qazanmağa çalışmalıyıq. Nəticəni sonra görəcəyik.

“Real”dan daha yaxşı oynasaq, istəyimizə çata bilərik. Məncə, bu, mümkündür. Çünki səfərdəki matçda oyun göstərə bilmədik.

Geridönüşə zəmanət verə bilmərik. Xüsusilə də azarkeşsiz bir oyunda. Ancaq istədiyimiz atmosferi yaratmağa çalışacağıq”.

Bugün keçiriləcək “Liverpul” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Madriddə keçirilən görüş “Real”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.