Fazil Pərvərov ölkə çempionatının bombardiri, üçqat Azərbaycan çempionudu. "Kəpəz" - "Avtomobilçi" qarşılaşmasında 7 qol vurub, 80 qolla "Kəpəz"in ən məhsuldar futbolçusudu. Futbolu atandan sonra biznesə girişsə də, 2015-ci ildə ölkədəki devalvasiya çoxları kimi, ona da ciddi təsir etdi. İndi futboldan uzaq düşüb, lakin ürəyi hələ də sevdiyi peşəsi ilə döyünür. O, "ARB-Aran"da yayınlanan "Bəhruzla pressinq" verilişində həmkarımız Bəhruz Musayevin qonağı olub. Gəncəli hücumçu yenidən futbola dönmək istədiyini, AFFA-nın ona iş söz verdiyini bildirib.

 


- Dədə-baba torpaqlarımızdan erməniləri iti qovan kimi qovub, qələbəni bayram etdik. Qələbə xəbərini alanda keçirdiyiniz hisslər maraqlıdı.
- Qələbə xəbəri mənim üçün Şuşa ilə bağlıdı. Həyat yoldaşım gecə məni çağırdı ki, dur, qələbə çalmışıq, Şuşanı almışıq. Bayrağımız var idi, onu götürüb düz Heydər Əliyev Parkına getdik. Sevincimizin həddi-hüdudu olmadı. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin.
- Hazırda nə işlə məşğulsuz?
- Heç bir işlə.
- Bildiyimə görə, bir ara ticarətlə məşğul olduz. O işiniz də uğurlu alınmadı.
- Bankla çalışırdıq. Devalvasiya, yəni dolların məzənnəsinin qalxması bizə ciddi ziyan vurdu, müflisləşməyə doğru getdik.
- Parlaq karyeradan sonra niyə məşqçi kimi çalışmadız, nə baş verdi?
- Çünki müəyyən iş qurmuşduq, idmandan kənardaydım.
- Azərbaycan çempionatı tarixində bir oyunda ən çox qol vuran iki futbolçudan birisiz? O illər yadınızda necə qalıb?
- Gəncədə “Avtomobilçi” ilə qarşılaşırdıq. Düzdü, bir oyunda 7 qol vurdum. Komandamızda ustalıq səviyyəsi yüksək idi.
- Həm də “Kəpəz”in tarixinə düşmüsüz. Hesabınızda 80 qol var.
- Düzdü, “Kəpəz”in ən çox qol vuran futbolçusuyam. Ən çox yadımda qalan oyun isə 1994/95 mövsümünə aiddi. Çempion olduğumuz həmin mövsümdə “Neftçi”ni evdə 2:1 udduq.
- Konstantin Abramenkonun yetirməsi olmusuz. Onu üç sözlə necə ifadə edə bilərsiz?
- Çox tələbkar insan idi, insani keyfiyyətləri yüksək idi. Məşqə çıxanda geyim formasına, ketə kimi hər şey verirdi. Məşqçi kimi, bir valideyn kimi də ona hörmətimiz böyük olub.
- “Xəzri”, “Masallı”, yoxsa “Şəmkir”?
- “Şəmkir”.
- Xaliq Mərdanov, Rövşən Əhmədov, yoxsa Ceyhun Tanrıverdiyev?
- Rövşən Əhmədov.
- “Kəpəz”lə Azərbaycan çempionu olmaq, yoxsa yığma ilə Avropa çempionatında iştirak etmək?
- “Kəpəz”lə çempion olmaq.
- Siz də “Oser faciəsi”nin canlı şahidisiz. Nə baş verdi ki, yığma Fransaya 0:10 uduzdu?
- Bizim komanda zəif deyildi. Gərək sonradan Avropa, dünya çempionu olan rəqibə qarşı hücum futbolu oynamazdıq. Müdafiə olunmalıydıq ki, hesab böyük olmasın. Mənə elə gəlir ki, bu da məşqçinin təcrübəsizliyindən irəli gəldi.
- AFFA-nın sabiq prezidenti Fuad Musayev böyükhesablı məğlubiyyətdən sonra sizə hansısa sərt sözlər dedimi? Ağasəlim Mircavadov da yığmanın baş məşqçisi idi.
- Yox, sadəcə, məğlub olduğumuza görə hamı başıaşağı idi. Həmin oyun 0:10 olmamalıydı. Oyunun axarı da bu hesabdan xəbər vermirdi.
- Yığmanın heyətində iki qol vurmusuz. Xatırlayırsızmı?
- Təlim-məşq toplanışı çərçivəsində keçirilən yoldaşlıq oyunu idi, səhv etmirəmsə, rəqib İsveçrə klublarından biri idi.
- Niyə yığmada uzun müddət çıxış edə bilmədiz?
- Onda futbolçu heyəti güclü, yığmaya düşmək çox çətin idi.
- Yığmanın çıxışını necə qiymətləndirirsiz? Canni De Byazi nəyisə dəyişə bildi?
- Vallah, oyunları izlədim. İkiildənbir məşqçi dəyişməyin heç bir xeyri olmayacaq.
- Azərbaycanın gəlib-getmiş üç ən güclü futbolçusu kimdi?
- Nazim Süleymanov, Mahmud Qurbanov, İqor Ponomaryov.
- İşsizlikdən medallarınızı satdığınızı bildirmişdiz. Satıbsız, yoxsa qalır?
- Hələ ki qalır. İşlə təmin olunsam, inşallah, satmayacam. Adam işsiz olanda maliyyə sıxıntısı yaşayır. Fikirləşdim ki, necə pul əldə etmək olar. Yəqin medalları satmaqla. AFFA-dan kateqoriya söz veriblər. Kateqoriyanı alandan sonra futbol məktəbində işləyərəm, medalları da satmaram.