Əli Əhmədovu futbol ictimiyyətində bəlkə də az adam tanıyar. Halbuki Tovuzun canlı futbol əfsanələrindən adlandırmaq olar. 68 yaşı var. Bir vaxtlar rayonun “Məhsul” komandasının şərəfini qoruyub. Daha sonra Gəncə “Dinamo”snda da oynamaq şansı olub. Uzun illərdi Tovuz futboluna xidmət edir. Hazırda da “Turan Tovuz”un futbol akademiyasında çalışır. Deyilənə görə, peşəkar qapıçılıq karyerası boyunca əlcək geyinməyib və əli yalın çərçivəsni qoruyub. Tovuza növbəti səfərimiz zamanı onunla görüşün söhbətləşməyi lazım bildik. Amma geniş ictimaiyyət tanısın deyə, öncə tanışlıqdan başladıq.

 

- 1954-cü ildə Tovuzda doğulmuşam. Futbolla ilk tanışlığım və peşəkar fəaliyyətim də elə Tovuzla bağlıdır. 1965-ci ildən uşaq-gənclər idman məktəbində futbolun sirrlərini öyrənməyə başlamışam. Məşqçim mərhum Zahid Əsgərov olub. 7-ci sinifdə rayonun yığma komandasına düşmüşəm. Həmin komandada da mərhum Siyavuş İbrahimov məşqçimiz olub. 8-ci sinifdə rayonun əsas komandası olan “Məsul”a cəlb olunmuşam.

- Niyə məhz qapıçı?

- Sırf təsadüf nəticəsində oldu. Çünki idman məktəbində elə vəziyyət yaranmışdı ki, qapıçı problem olmuşdu. Mənim də bacarığım olduğu üçün dedim ki, mən duraram. Çünki küçə futbolunda qapıda dayanırdım, o vaxtı da küçə, məhəllə futbolu məşhur idi.

- “Məhsul”da ilk peşəkar oyununuz neçənci ilə təsadüf edir?

- 1968-ci ilə.

- 14 yaşında artıq peşəkar futbolda debüt etmisiniz?

- Bəli.

- Rəqib hansı komanda olub?

- Şəmkirin komandası. Respublika birinciliyinin oyunu idi.

- Qapıçı kimi kumiriniz kim olub?

- Həmin dövrün yerli qapıçıları arasında ən çox sevdiyim şübhəsiz ki, tovuzlu Zahid Hüseynov olub. İllər keçəndən sonra əsas kumirim olub Rinat Dasayev. Hətta ondan nələrisə götürmüşəm də.

- “Məsul”dan başqa karyeranız olub?

- 1971-ci ildə Gəncə “Dinamo”na keçmişəm. 1975-76-cı illərdə isə Bakının “Avtomobilçi” komandasında da forma geyinmişəm. Həmin vaxt o komanda yeni yaranmışdı, Əli Əbilzadə məşqçimiz idi.  İdgəndər Cavadov, Nadir Qasımov kimi futbolçularla çiyin-çiyinə oynamışam.

- Sizin dövrün Tovuz futbolu ilə bugünkü Tovuz futbolunu necə müqayisə edərdiniz?

- Təbii ki, hər şey inkişaf etdiyi kimi, futbol da inkişaf edir. Müasir futbol inkişaf səviyyəsinə görə üstündür. Amma futbola olan sevgi, azart o dövr daha yüksək idi. Məsələn, o vaxt Tovuzun futbolçularını hətta ən ucqar kəndin sakinləri də adba ad tanıyırdı. Amma indiki futbolçuları geniş kütlə, futbol ictimaiyyəti o qədər tanımır. Bu gün meydançada gördüyünüz hansısa futbolçu, sabah kostyum-şalvarda küçəyə çıxsın, çox adam tanımayacaq. Bəlkə bu da müasir dövrün yaşam tələbləridir kii, futbola maraq, o dövrlərdəki qədər deyil. Amma dediyim kimi, inkişaf dərəcəsində müasir futbol çox irəli gedib. Bizim o dövrlər belə meydançalarımız yox idi. Adi toplarımız yox idi. Məşqə çıxanda beş topumuz olurdusa, buna sevinirdik.

- Bəs o vaxt sponsorunuz kim idi, komandanı kim maliyyələşdirirdi?

- Rayon partiya komitəsi, “raykom”. İndiki dillə desək, icra hakimiyyəti.

- Aldığınız məvacib bəs edirdi?

- Edirdi. Futboldan əlavə idman müəllimi də işləyirdim, ordan da məvacib alırdım.

- Məşqçi kimi fəaliyyətiniz də Tovuzda başlayıb...

- Bəli, məşqçi kimi də ilk fəaliyyətim Tovuzda olub. 1992-ci ildə “Turan” yarananda məni də dəvət etdilər orada məşqçi kimi işləməyə başladım. Əvvək komandanı Sergey Kramarenkoya tapşırmaq fikri var idi, sonradan qərar dəyişdi və Ruslan Abdullayevə üstünlük verdilər.  Allan rəhmət eləsin, məşqçi kimi, ondan da nələrsə götürmüşəm.

- Neçə il peşəkar futbol oynadınız?

- 1968-dən 1986-a qədər. 18 il. Futbolu bitirən kimi də məşqçiliyə başladım.

- Deyilənə görə, karyeranız boyu qapıda dayananda əlcək geyinmirdiniz. Bu nə ilə bağlı idi?

- Hələ idman məktəbində futbolla məşğul olduğum illərdə mənə qapıda durmaq üçün əlcək vermişdilər. Geyindim, amma hiss elədim ki, əlcəksiz topu daha yaxşı tuturam. Ondan sonra çıxartdım və karyeram boyu da heç vaxt əlcək geyinmədim.

- Hakimlər tərəfindən hər hansı xəbərdarlıq, irad olmurdu ki, bununla bağlı?

- Yox, yox heç bir problem olmurdu.

- Ən yadda qalan oyununuz hansı olub?

- Yadda qalan oyunlar çox olub, Amma Tovuz stadionunun açılışına təsadüf edən oyun ən yadda qalan oyunum olub. Səhv etmirəmsə 1982-ci il idi. Aslan Nəsibov da təzə katib gəlmişdi. Onun dövründə də I komitədə işləyən insanların əksəriyyəti futbol həvəskarı idi. Bir sözlə, komandaya çox yüksək diqqət və qayğı var idi. Bakı komandalarından biri ilə oynayırdıq. Əsas hədəfimiz o idi ki, yaxşı nəticə qazanıb bizə bu qədər diqqət, qayğə göstərən insanları sevindirək. Şəxsən mən öz qarşıma hədəf qoydum ki, bu oyunu elə oynamalıyam ki, tribunada oturan həmin rəhbər şəxslər bizdən razı getsin. Görünür bu hədsiz hisslərin və istəyin nəticəsi idi ki, bir neçə qeyri-adi topu çıxardım. Oyundan da qalib ayrıldıq.

- Bir tovuzlu kimi, futbol sizin üçün nədir?

- Futbol mənim həyatımdı. Həyatda nə qazanmışam, futbola görə olub. Universitetə qəbulum futbolun sayəsində olub. Bəxtimdən həmin vaxt idman institutun komandası ölkə çempionatında oynayırdı, amma qapıçı problemləri var idi. Mən də o dövr iki dəfə respublikanın ən yaxşı gənc qapıçısı seçilmişdim. Rəhmətlik Tofiq Bəhramov dedi ki, bu uşaq bu instituta qəbul olunmalıdır.

- Bu gün də Tovuz futbolun üçün çalışırsınız, akademiyada yeni futbolçu nəslinin, qapıçı nəslinin yetişməsinə töhvə verirsiniz. Potensial necədir?

- Düzdür, yaşıma görə sırf qapıçı məşqçi kimi çalışmıram. Əsas fəaliyyətim seleksiya ilə bağlıdır. Tovuz həmişə futbol rayonu kimi məşhur olub. Bunu mən yox, bütün ölkə deyir. Sadəcə, bir dönəm rayonda futbolun olmaması səbəbindən boşluq yarandı. Bu ildən komandanın yenidən Premyer Liqaya qayıdışı, futbol akademiyasının açılışı istedadlı futbolçuların üzə çıxması baxımından da çox yerinə düşdü. Eləcə də yerli, gənc məşqçilərin. İnanıram ki, bu dəfəki dönüş əbədi olacaq və yenudən Tovuzdan istedadlı futbollçular çıxacaq.

Söhbəti yekunlaşdıran zaman Tovuz futbolunun daha bir canlı əfsanəsi Nizami Sadıqov bazadan çıxıb evə gedirdi. Fürsətdən istifadə edib Əli müəllimdən Sadıqov haqda da soruşduq və həmshbətimiz, tək kəlmə ilə “əla” ifadəsini işlətdi. Sadıqov isə öz növbəsində “Əli müəllim mənim müəllimim olub” deyərək müəlliminə hörmətini ortaya qoydu. Biz də fürsətdən istifadə edin müəllimlə tələbənin birgə görüntüsünü tarixin yaddaşına köçürdük.

 

Anar XANLAROV, Tovuz