"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 27-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, 4:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:


“Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu. Bilirdik ki, ağır oyun olacaq. "Kəpəz"in çox güclü heyəti var. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük də ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan çoxuna layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir. Qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. 


Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi”.