23-cü tura baxış
- 14:14
- 36
Premyer Liqada 23-cü tur geridə qaldı. Öyrəndik ki...
- ilk 4-lük formalaşmaq üzrədir. Bu komandalar kubokda da yarımfinal cütlərini təşkil etdiklərindən, bu yay ölkəmizi avrokuboklarda onların təmsil edəcəyini qeyd etmək olar. Riyazi olaraq hələ də "Araz", "Sumqayıt" və "Neftçi"nin bu qatara qoşulmaq şansı var. Amma reallıq bunu demir.
- "Neftçi", məsələn. Deməzdim ki, "Turan" la matçda pis oynadılar, mübarizə aparmadılar, asan təslim oldular. Sadəcə rəqib daha dəqiq, daha səliqəli, daha ağıllı davrandı. Vernidub bir komanda qurmağa, oyun tərzi formalaşdırmağa çalışır, əlinin altındakı futbolçular isə bunu etməyə imkan vermir. Hərəsi bir cür oynayan, müxtəlif bacarıq və istedada malik olan, konkret bir formata uyğunlaşdırıla bilməyən oyunçularla vahid mexanizm qurmaq çətin məsələdir.
- izləyicilərindən nisbətən aralanan "Zirə" də fantastik bir oyun oynamır. "Kəpəz"lə matç göstərdi ki, qəsəbə təmsilçisi hələ də enişli-yoxuşlu qrafikdən çıxa bilməyib. Sadəcə əsas rəqiblər də yaxşı oynamadığından və yersiz xal itirdiklərindən, aradakı fərq ərimir.
- "Sumqayıt" nümunəsi var. Liqanın 3 aşkar autsayderiylə matçlardan cəmi 2 xal çıxaran "kimyaçılar", gözlənilən nəticələri əldə etsəydilər, hazırda 4-cü pillədə olacaqdılar. Amma uzun vaxtdır xəbərdarlığını verdiyimiz böhranı idarə edə bilmədilər və olanlar oldu. Saşa İliçin yaxşı məşqçi olmasına şübhəm yoxdur və baş verənlərdə konkret onu günahlandırmaq düz olmazdı. Oyunçuların yüngül desək, "həvəssiz" oynadığı dəqiqdir. Əvvəl İliçin, sonra Rəfiyevin müdaxilə də effekt vermədi. Camiə də faktiki olmadığından, komanda lazımi kənar təzyiqi görmədiyindən nəticələr də müvafiq olur. Amma kimsə, hansısa "şişmiş" futbolçu(lar) bu yolla məşqçini göndərəcəklərinə, yerinə istədiklərini düşünürsə, indidən fikrindən daşınsınlar. Peşman olarlar, edilərlər. Sadəcə bir xəbərdarlıqdır, etdik, nəzərlərində olsun.
- bu turun azarkeşi "Turan" tribunasıdır. Qonaq olmalarına baxmayaraq, komandalarını evdə oynayırmış kimi hiss etdirdilər, əla dəstək verdilər.
- "Qarabağ"la "Sabah" isə fırtına kimidirlər. Bir-birinə layiq, güclü rəqiblərdir. Bu cütlüyün qızıl mübarizəsi Premyer Liqanın bəzəyidir.
- Ətrafda hamı xəstədir: soyuqdəymə, qrip məhv edib bizi. Özünüzü qoruyun. Bu virus çox ağır virusdur, canı çıxarır, amma candan çıxmır.
- Keçmiş Yel çərşənbəniz mübarək!