Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas" 3-cü tur çərçivəsində "MAV Elore" klubunun qonağı olub.

Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. İlk iki setdə qələbə qazanan "Vasas" 3-cü hissədə uduzsa da meydan sahiblərinin bundan artığına gücləri çatmayıb. 4 set davam edən matçda Ayşən və rəfiqələri 3:1 (25:18, 26:24, 23:25, 25:14) hesabı ilə qələbə qazanıblar.

Komandasının səfərdə qalib gəldiyi qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 15 dəfə fərqlənib. Abduləzimova bu xallardan 13-nü hücumda, 2-ni isə blokda qazanıb.