Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun finalına yüksəlib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 1/2 finalda "Fatum" klubu ilə üz-üzə gəlib. 

Cütün ilk görüşündə 3:1 hesabı ilə qalib gələn voleybolçumuzun komandasına cavab matçında iki set kifayət edirdi. "Vasas" doğma meydanda baş tutan bu qarşılaşmada lazımi nəticəni çətinlik çəkmədən əldə edib. 3 hissə davam edən oyunda Ayşən və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:16, 25:19, 25:18). Bununla da "Vasas" finala vəsiqəni təmin edib. Macarıstan kuboku uğrunda həlledici qarşılaşmada isə blokçumuzun komandasının rəqibi "Bekescsaba" - "KNRC" cütünün qalibi olacaq. Bu komandaların ilk oyununda "Bekescsaba" qələbə qazanıb. 

Komandasının finala yüksəldiyi matçda "Vasas"ın və millimizin kapitanı 7 xal qazanıb. Abduləzimova rəqibi 4 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib.