Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas" 8-ci turda "UTE" ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. İlk setdən təşəbbüsü ələ alan Ayşən və rəfiqələri rəqibə heç bir şans verməyiblər. 3 hissə davam edən matçda voleybolçumuzun komandası quru hesablı qələbəyə sevinib - 3:0 (25,17, 25:21, 25:21).

Komandasının çətinlik çəkmədiyi matçda millimizin və "Vasas"ın kapitanı 8 xal qazanıb. Abduləzimova rəqibi 4 dəfə hücumda, 4 dəfə blokda məyus edib.

Qeyd edək ki, keçirdiyi bütün görüşlərdə qələbə qazanan "Vasas" 23 xalla turnir cədvəlinə liderlik edir.