Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın formasını geyindiyi Macarıstanın "Vasas" klubu turu məğlubiyyətlə başa vurub.

Voleybolçumuzun komandası 3-cü turda Fransanın "Mulhouse" kollektivini qəbul edib. Budapeştdə təşkil olunan və gərginliyi ilə yadda qalan görüş Ayşən və rəfiqələri üçün uğursuz başlayıb və onlar 0:2 hesabı ilə geri düşüblər. Bundan sonra təşəbbüsü ələ alan meydan sahibləri növbəti hissəni aktivlərinə yazdırıblar. Lakin bu, onların matçda qazandıqları son tək set olub. 4 hissə davam edən oyunda "Vasas" 1:3 (23:25, 23:25, 25:16, 24:26) hesabı ilə məğlub olub.

Macarıstan təmsilçisinin xalsız məğlub olduğu görüşdə yığmamızın və "Vasas"ın kapitanı 15 dəfə fərqlənib. Abduləzimova bu xallardan 9-nu hücumda, 4-nü blokda, 2-ni isə eyslə qazanıb.