Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, Macarıstanda çıxış edən Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova da yarıda ilk görüşünü keçirib. 

Blokçumuzun formasını geyindiyi "Vasas" ilk turda İtaliyanın "Conegliano" klubu ilə üz-üzə gəlib. A qrupunda baş tutan bu qarşılaşma ÇL-in də favoriti hesab olunan İtaliya kollektivinin üstünlüyü ilə keçib. Səfərdə güclü rəqibə ciddi müqavimət göstərə bilməyən Ayşən və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (15:25, 16:25, 19:25).

Komandasının xalsız qaldığı matçda yığmamızın və "Vasas"ın kapitanı 3 dəfə fərqlənib. Abduləzimova bu xallardan 2-ni hücumda, 1-ni isə blokda qazanıb. 

Qeyd edək ki, "Vasas"ın 2-ci tur oyunu dekabrın 20-də baş tutacaq. Doğma meydanda keçirəcəyi həmin görüşdə Macarıstan təmsilçisinin rəqibi Polşanın "Developres" klubu olacaq.