Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin,Azərbaycan Cüdo Federasiyasının,İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin dəstəyi ilə ənənəvi olaraq Cüdo idman növü üzrə şəhid Vüsal Dəmirovun əziz xatirəsinə həsr olunmuş regional turnir keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd “Vətən müharibəsi” şəhidlərinin qəhrəmanlığını idmançılar arasında təbliğ etmək, yeniyetmə və gənc idmançıların vətənpərvərlik ruhunun yüksəldilməsi və cüdo idman növünün inkişafı, kütləviliyinin təbliği və təşviqi təşkil edir.

Olimpiya İdman Kompleksində təşkil olunan yarışdan əvvəl Dövlət Himni səsləndirilib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir açıq elan edildikdən sonra çıxışçılar şəhid Vüsal Dəmirovun keçdiyi şanlı döyüş yolundan söz açaraq qeyd ediblər ki, 2012- 2013-ci il həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmasına sövq edib. O, bu müddət ərzində fərqləndiyinə görə hədiyyələr və mükafatlar alıb. 2016- cı ilin Aprel döyüşləri və 2020-ci ildə Tovuz döyüşlərinin də iştirakçısı olub. 27 sentyabr Vətən müharibəsi başlayar-başlamaz qəhrəmanımız torpaqlarımızı azad etmək üçün sevinərək savaşa qatılıb.Vüsal Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Regional turnirin açlışında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşlar, İsmayıllı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru,İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi, Azərbayacn Cudo Federasiyasının nümayəndələri və digər məşiqçi-müəllimlər,şəhid valideyinləri və idmançılar iştirak ediblər.

Gərgin və yüksək iradə nümayişi ilə keçən yarışın yekununda qaliblər tutduqları yerə uyğun olaraq medal və diplomlarla mükafatlandırılıb.