Futbol üzrə Avropa çempionatı davam edir. Rekord.az xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.

D qrupunun son turunda Çexiya – İngiltərə matçına böyük maraq vardı. Hər iki komanda əvvəlki iki turda 4 xal qazanmışdı. Mümkün heç-heçə hər iki komandanı 1/8 finala daşıyacaqdı. Hansısa komandanın məğlub olması isə vəziyyəti çətinləşdirəcəkdi. İngilislər bu oyundan qalib ayrılmaqla qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.

Qrupun digər oyunu Xorvatiya və Şotlandiya yığmaları arasında baş tutub. Bu oyundan qalib ayrılacaq komanda da qrup ikincisi olmaq şansına malik idi. Lakin digər oyunda heç-heçə qeydə alınsa, bu görüşün qalibi ən yaxşı qrup üçüncüləri arasında yer almağı arzulayacaqdı. Xorvatlar bu oyundan inamlı qələbə ilə ayrılmaqla məhz qrup ikinciliyini ələ keçiriblər. Çexiya isə üçüncü sıraya enib və ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finalda oynamaq şansına malikdir.

AÇ-2020
D qrupu

22 iyun

Xorvatiya – Şotlandiya 3:1
Qol: N.Vlaşiç, 17. L.Modriç, 62. İ.Perişiç, 77 – K.Makqreqor, 42.
Baş hakim: Fernando Rapallini (Argentina).
Qlazqo. “Hampden Park” stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Yosip Yuranoviç, 25. Yoşko Qvardiol.
Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 6. Kiran Tirni, 7. Con Makqinn, 8. Kallum Makqreqor, 9. Lindon Dayks, 10. Çe Adams, 17. Stüart Artmstronq.

Çexiya – İngiltərə 0:1
Qol: R.Sterlinq, 12.
Baş hakim: Artur Dias (Portuqaliya).
London. “Uembli” stadionu.

Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 7. Cek Qriliş, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 25. Bukayo Saka.

İngiltərə – 7, Xorvatiya – 4, Çexiya – 4, Şotlandiya – 1.