“İmişli” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunun açılış matçında “Zirə” ilə qarşılaşıb.


Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı oyunun çox çətin keçdiyini bildirib:


“Gözlədiyimiz kimi, oyun çox çətin keçdi. Həm də, meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclü komandalarından biridir, çempionluğa oynayan komandadır. Buna baxmayaraq, uşaqlar yaxşı çıxış etdilər.


“Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. İkinci hissəyə çıxanda onların qarşısını ala bilirdik. Mərkəz xətdən hücumlarına mane olurduq. Ona görə də, daha çox cinahlardan uzun ötürmələrlə cərimə meydançamıza hücumlar edirdilər.


Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyndan üç xalla ayrılmaq istəyirdik. Amma “Zirə” kimi komanda ilə matçda bir xal da bizim üçün pozitiv nəticədir.


“Qarabağ”la matçda qələbə qazanmaq əlbəttə ki, bu mümkündür. Bu, futboldur və top yumrudur. Hər şey ola bilər. Ola bilər ki, biz yaxşı günümüzdə olaq, “Qarabağ” isə yaxşı günündə olmasın. O zaman əlbəttə ki, bu, mümkündür. Amma nəzərə almaq lazımdır ki, “Qarabağ” çox güclüdür.


Çalışacağıq ki, Sinenkanı saxlayaq. Çox güclü qapıçıdır. Məşqlərdə də özünü yaxşı tərəfdən göstərə bilir. Çalışacağıq ki, onu itirməyək. Başqa klub onu transfer etmək istəsə, bu artıq digər məsələlərdir. Çempionatda 3-4 ən güclü qapıçıdan biridir.


Üç əsas amil var: texniki, individual və ən vacibi, taktiki keyfiyyət. Və “İmişli”nin də məşqləri çox sərt keçir. Uşaqlar məşqlərdə nizam-intizam baxımından çox çalışırlar.


Və sonda, “İmişli”nin bura gələn azsaylı azarkeşlərinə təşəkkür etmək istəyirəm. Uzaq yol gəlib bizi dəstəkləyirlər. Ümid edirəm ki, bir xalla onları sevindirə bildik”.