“Sabah” Azərbaycan Premyer Liqasının 7-ci turunda bu gün “Karvan-Yevlax”la üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.


Litvalı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:


“Bu gün demək olar ki, ilk saniyədən sona qədər dominant olan tərəf biz idik. İlk hissədə iki qol vurduq. İstəyərdik ki, daha çox fərqlənək. Oyunun son saniyələrində baş verənlər hər birimizi üzdü. Ümid edirik ki, Mikelsin zədəsi ciddi olmasın.


Mən fikirləşirəm ki, hər kəsin öz rəyi var. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin “Sumqayıt’la oyunumuzda (1:1) hakimliklə bağlı fikirlərinə hörmətim var. Amma şəxsi fikrim odur ki, fərqli federasiyalarla işləmişəm və mənə maraqlıdır, mösümün sonuna qədər belə qərarlar davam edəcək, ya yox.


Super sürətdən istifadə etmədiyimizi deməyinizlə razı deyiləm. Bizim bir qolumuz ləğv olundu. Bu tip komandalarla oyunlarda fərqlənə bilməmişdik. Amma bu gün iki qol vurduq. Oyunboyu dominant tərəf biz idik. Ola bilər ki, son ötürmələrdə bir az dəqiqliyimiz çatmadı.


İstər Mikels oynasın və ya oynamasın, kim deyə bilər ki, “Zirə” bizə problemlər yaratmayacaq? Futbolda belə zədələr var və həmişə olacaq. Əlimizdə kim varsa, onlarla oynayacağıq. Mən bir şeyin zəmanətini verə bilərəm: qarşıdakı oyunlara 11 nəfərlə çıxacağıq”.