Basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Şimali İrlandiya yığmasına qarşı keçirdikləri AÇ-2029-un seçmə mərhələsinin oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 70:78 hesablı məğlubiyyəti belə şərh edib:


“Çox çətin oyun alındı. Qələbəni həddindən artıq istəyirdik və startda istədiyimiz oyunu sərgilədik. Müdafiədə komandamdan razıyam – uşaqlar tapşırıqları düzgün yerinə yetirdilər. Təəssüf ki, hücumda yaratdığımız imkanları tam reallaşdıra bilmədik. Yorğunluq da öz sözünü dedi. Rəqibə əvvəlki oyunda 36 xal fərqlə uduzmuşduq. Bu gün isə həmin komanda ilə bərabər səviyyədə mübarizə aparmağımız və oyunu qazana biləcək həddə çatdırmağımız önəmli irəliləyişdir. Son matçlarda müdafiə xəttində inkişaf var. Oyunçular özlərinə daha çox inanmağa başlayıblar. Azərbaycan Kubokunda iki yerli basketbolçu ilə çıxış edirlər və belə görüşlərdə onların daha çox məsuliyyət götürməsi vacibdir. Bu da milli komanda üçün müsbət siqnaldır".