Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi  Rumıniyanın "CSM Lugoj" klubu "Challenge Cup"ın 1/16 finalında İsveçin "Sm' AESCH Pfeffingen" kollektivi ilə üz-üzə gəlib. 

Cütün ilk matçında quru hesablı qələbə qazanan voleybolçumuzun komandasına bu dəfə cəmi iki set lazım idi. Liza və rəfiqələri bu vəzifənin öhdəsindən gələ biliblər. "CSM Lugoj" 5 hissə davam edən görüşdə 2:3 (25:12, 25:18, 19:25, 14:25, 5:15) hesabı ilə məğlub olsa da, ümumi nəticəyə görə mərhələni adlaya bilib. Beləliklə, Rumıniya təmsilçisi yarışın 1/8 finalına vəsiqə qzanıb. 

Bu görüşdə komandasının növbəti mərhələyə yüksəlməsi rəsmiləşdikdən sonra yığmamızın üzvünə istirahət verilib və əvəzlənib. O, meydanda olduğu müddətdə 13 dəfə fərqlənib və bu göstərici ilə komandasının ən məhsuldar oyunçusu olub. Ruban bu xallardan 12-ni hücumda, 1-ni isə blokda qazanıb.