Rumıniyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Yelizaveta Rubanın formasını geyindiyi "CSM Lugoj" 17-ci turda "CS Dinamo Bucuresti" klubunu qəbul edib.

Görüş meydan sahibləri üçün uğurlu alınıb. 3 set davam edən matçda Liza və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:23, 25:15, 25:22).

"CSM Lugoj"un çətinlik çəkmədiyi qarşılaşmada voleybolçumuz 17 xal qazanıb və komandasının ən məhsuldar oyunçusu olub. Ruban qonaqları 15 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.

Qeyd edək ki, 37 xalla 5-ci yerdədir. "CSM Lugoj" özündən irəli olan, son matçda məğlub etdiyi "CS Dinamo Bucuresti" ilə eyni xala malikdir, lakin bir oyun az keçirib.