Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" klubu "Challenge Cup"ın 1/2 finalında Serbiyanın "Jedinstvo Stara Pazova" kollektivi ilə üz-üzə gəlib. 

Cütün ilk görüşündə 2:3 hesabı ilə uduzan voleybolçumuzun komandasına finala çıxmaq üçün cavab matçında 3:0 və ya 3:1 hesablı qələbə qazanmaq lazım idi. Rumıniya təmsilçisi tapşırığın öhdəsindən layiqincə gələ bilib. Doğma meydanda baş tutun cavab görüşü Liza və rəfiqələrinin üstünlüyü ilə keçib. 3 set davam edən oyunda "CSM Lugoj" quru hesablı (3:0, 25:16, 25:16, 25:23) qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici mərhələdə isə Rumıniyanın komandasının rəqibi İtaliyanın "Reale Mutua Fenera Chieri" kollektivi olacaq. Cütün ilk final qarşılaşması martın 15-də İtaliyada, cavab görüşü isə martın 22-də Rumıniyada keçiriləcək.

Komandasının finala adladığı oyunda yığmamızın üzvü 13 xal qazanmaqla qələbədə əsas pay sahiblərindən olub. Ruban qonaqları 12 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.