Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda növbəti mərhələyə yüksəlib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "C.S.M.Lugoj" klubu "Challenge Cup"ın 1/16 final mərhələsində Türkiyənin "PTT Ankara" kollektivini mübarizədən kənarlaşdırıb. 

Cütün Türkiyədə baş tutan ilk oyununda voleybolçumuzun komandası 2:3 hesabı ilə uduzmuşdu. Rumıniyada keçirilən cavab qarşılaşmasında 3:1 və ya 3:0 hesablı qələbə "C.S.M. Lugoj"a mərhələ adlamaq üçün kiafyət edəcəkdi. Liza və rəfiqələri bu tapşırığın öhtəsindən gələ biliblər. Meydan sahibləri 4 set davam etmiş matçda 3:1 (25:16, 25:18, 18:25, 25:23) hesablı qələbə qazanmaqla 1/8 finala yüksəliblər. 

Komandasının mərhələ adladığı oyunda yığmamızın üzvü 16 xal qazanıb. Voleybolçumuz bu göstərici ilə komandasının ən məhsuldar, qarşılaşmanın isə ikinci məhsuldar oyunçusu olub.  Ruban qonaqları 15 dəfə hücumda, 1 dəfə blokda məyus edib. 

Qeyd edək ki, Rumıniya təmsilçisinin 1/8 finaldakı rəqibi Portuqaliyanın "Kairos Ponta Delgada" kollektividir.