Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Almaniyanın Düsseldorf şəhərində davam etdirir. "Rekord.az" xəbər verir ki, blokçumuz Olena Xarçenko hazırlıqlar və yarış haqqında danışıb.

"Avropa çempionatına hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Bəzi oyunçularımızda zədələr vardı, bəzilərimiz bütün yoxlama matçlarında oynaya bilməsək də, bu, hazırlığa mane olmadı. Çünki biz ilk il deyil ki, bir yerdə oynayırıq, hamımız bir-birimizi yaxşı tanıyırıq. Düşünürəm ki, hər kəs formadadır. Oynaya bilmədiyimiz müddətdə məşqçilərin xüsusi proqramı ilə hazırlığı davam etdirirdik ki, formada qalaq. 
Bu gün Düsseldorfda ilk məşqimiz baş tutdu. Hər şey normal keçdi, əhvalımız yaxşıdır. Hər kəs öz tapşırığını bilir və onu yerinə yetirmək üçün çalışır. 
Yarışda addım-addım irəliləyəcəyik. Hər oyunda qələbə qazanıb mümkün qədər irəli getmək istəyirik. Daha yaxşı çıxış edib məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik".