İyulun 15-dən Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Sabah” artıq vətənə dönüb.

“Tələbələr” qonşu ölkədə 4 yoxlama görüşündə qüvvəsini sınayıb ki, bu matçların birində qalib gələn Ramin Quliyevin yetirmələri üç qarşılaşmada meydanı məyus tərk edib. Görəsən, 41 yaşlı mütəxəssis komandasının toplanışını necə dəyərləndirir, yeni transferlər barədə hansı fikirdədi? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Ramin Quliyevi aradıq.

- Əvvəlcə Tiflis toplanışını dəyərləndirərdiz.
- Toplanış təşkilatçılıq baxımından yüksək səviyyədə planlaşdırılmışdı. Məşqləri və oyunları keçirdiyimiz meydanlar Gürcüstan yığmasının məşq etdiyi məkan idi. Ot örtüyü yaxşı vəziyyətdə idi. Belə şəraitdə oyunçulardan ancaq məşqlərə və oyunlara köklənmək tələb olunurdu. Fikrimcə, belə şəraitdən məmnun qalan uşaqlar da bunu etdilər. İstər məşqlərdə, istərsə də yoxlama görüşlərində özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar.

- Yoxlama oyunlarının nəticələrindən razı qaldız?
- Bildiyiniz kimi, orda 4 matçda gücümüzü sınadıq. Rəqiblərin hamısı Gürcüstan premyer-liqasında mübarizə aparan komandalar idi. Qarşılaşmaların birinə sırf cavanlardan ibarət heyətlə çıxıdıq ki, perspektiv vəd edən uşaqlara özlərini göstərməyə və təcrübə qazanmağa imkan yaradaq. Hazırlıq dövrünün adı üstündədi – çempionata, yeni mövsümə hazırlaşırdıq. Belə matçlarda komandanın oyun üslübunu müəyyənləşdirməyi və yeni oyunçuların kollektivə uyğunlaşmasını nəticədən üstün tuturuq. Bu baxımdan yanaşsaq, bəli, uşaqların göstərdikləri oyun və fiziki göstəricilərinin yaxşı mənada dəyişməsi qənaətbəxş nəticə kimi qəbul oluna bilər.

- Yeni transferlərlə bağlı narazılığınız yoxdu?
- Transferlər barədə geniş danışmaq olar. Bu elə mövzudu ki, danışdıqca uzanır. Qısa danışsaq, bu gün transfer məsələsinə çox həssas yanaşırıq. Oyunçu seçimində yanılmaq istəmirik. Artıq bir klub kimi bu sahədə xeyli təcrübəmiz var. İstəyirik gətirdiyimiz oyunçular həm komandaya kömək etsinlər, həm də klubun strategiyasına uyğun hərəkət edək. Ona görə yeni oyunçu gətirəndə tələsik qərar vermirik.

- Yeni dəvət etdiyiniz futbolçular komandaya uyğunlaşıblar?
- Yeni futbolçunun komandaya uyğunlaşması istər-istəməz müəyyən vaxt aparır. Təlim-məşq toplanışını təhlil edərkən görürük ki, kollektivə qoşulan yeni oyunçular fərdi şəkildə özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar. Amma komandaya tam uyğunlaşmadıqlarına görə bu proses müəyyən vaxt aparacaq.

- Tiflis toplanışında komandaya qoşulan İlqar Ələkbərov və Mixeil Ergemlidze barədə nə düşünürsüz, onları bəyəndiz?
- Hər ikisi cavan və perspektivli oyunçulardı. Xoş olan odu ki, hər iki futbolçu əllərinə düşən imkandan maksimum yararlanmağa çalışır. Qazandıqları şansı boşa vermək istəmirlər. İkisi də gələcəkdə yaxşı futbolçu ola bilərlər. Sadəcə, öz üzərlərində işləməyə davam etməlidilər.

- Mövsümlərarası fasilədə Bəhlul Mustafazadənin “Əl-Əyn”ə keçəcəyi gözlənilsə də, son anda transfer reallaşmadı. Bu keçidin baş tutmaması nə ilə bağlıdı?
- Fikrimcə, bu məsələ haqda danışılası çox şey yoxdu. Bildiyim qədər Bəhlul özü mətbuata yetərincə geniş açıqlama və ətraflı məlumat verib. Onun söylədiklərinə əlavə ediləsi bir şey qalmayıb.

- Onun boşluğunu doldura biləcəksiz?
- Futbolda bir oyunçunun getməsi və yerinə başqasının gəlməsi normal və qaçılmaz haldı. Bu gün yalnız irəli baxıb, komandamıza xeyir verə biləcək futbolçuları sıralarımıza qatmağa çalışmalıyıq.

- “Sabah” premyer-liqaya neçə faiz hazırdı?
- Premyer-liqa uzunmüddətli və bir çox klubun iştirak etdiyi yarışdı. Burda nəticə qazanmaq üçün tək bizim neçə faiz hazır olmağımız kifayət etmir. Digər klublardan daha çox hazır olmağımız, oyunlarda daha istəkli və əzmkar mübarizə aparmağımız, üstəlik, zədələrsiz irəliləməyimiz önəmlidi. Düşünürəm ki, komanda kimi daha çox çalışmalı, daha yaxşı olmalıyıq.

- Bu il üçün hədəfiniz nə olacaq?
- Qısamüddətli götürsək, hədəfimiz “Sabah”ın UEFA-nın klub turnirlərində iştirakını təmin etməkdi. Lakin məqsədimiz və bu məqsədə doğru gedərkən istəyimiz baxımlı futbol oynamaq, perspektivli gənc oyunçuları ölkə futboluna bəxş etməkdi. Bu da bizim üçün böyük önəm daşıyır.

- Hamı ötən il “Sabah”dan uğurlu nəticə gözləsə də, əksi oldu. Eyni halın təkrarlanmaması üçün nə edəcəksiz?
- Bir az öncə qeyd etdiyim kimi, biz sabaha baxırıq. Daha çox çalışıb, daha uğurlu olmaq üçün əlimizdən gələni edəcəyik. ("Futbol plus")