Son illərdə AFFA-nın büdcəsində müəyyən sıxıntılar var idi. Dolların kəskin bahalaşması, neftin qiymətinin bir ara xeyli aşağı düşməsi, federasiyanın işinə də təsir edirdi. Düzdür, son zamanlar neftin qiyməti nəzərəçarpacaq dərəcədə artıb. Amma Rövnəq Abdullayevin SOCAR-dan gedişi və sözügedən qurumun başına gətirilən yeni rəhbərliyin ayrılan bütün maliyyələrin yoxlamasını aparması vəziyyəti dəyişib. Üstəlik, "Kəpəz" və "Turan Tovuz"un Premyer Liqaya gətirilməsi, əlavə maliyyə xərcləri demək idi.

Rekord.az xəbər verir ki, bu çətinliklər fonunda federasiyadan maliyyələşən "Şamaxı"nın büdcəsinin azaldılacağına dair məlumatlar var idi.

Bu günə kimi AFFA-dan illik 5-6 milyon manat civarında illik vəsait alan Şamaxı təmsilçisinin büdcəsi həqiqətən də azaldılıb. Etibarlı mənbədən saytımıza ötürülən məlumata görə, növbəti mövsümdən "Şamaxı"nın büdcəsi 3 milyon manat nəzərdə tutulub.