Azərbaycanda qadın voleybolçulardan ibarət daha bir klub yaradılıb. "Rekrod.az" Azərtaca istinadən xəbər verir ki, yeni komanda Gəncə şəhərini təmsil edəcək.

Yüksək liqada ilk dəfə təmsil olunacaq Gəncənin qızlardan ibarət voleybol komandasının yaradılmasına dair müqavilə imzalanıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Müşahidə Şurasnın sədri Müşfiq Cəfərov yaradılacaq yeni voleybol komandasının gələcəkdə çox böyük uğurlara imza atacacağına ümid etdiyini bildirib. "Gəncə Azərbaycanın hər bir sahədə uğur qazanmasında önəmli yerlərdən birini tutur. Gəncədə regionun ən böyük idman kompleksi üzrə işlər yekunlaşmaq üzrədir və tezliklə açılışı olacaq. Gələcəkdə Gəncənin yeni voleybol komandasının burada ev oyunlarının keçiriləcəyi planlaşdırılır. Komanda Bakıda formalaşdırılsa da Gəncədə kompleksin ilin sonunadək istifadəyə verildikdən sonra məşqlər də burada keçiriləcək. Gəncədə, həmçinin böyük azarkeş ruhu var. Dahi Nizami yurdunda hər kəs idmanı və idmançıları dəstəkləyir. Əminəm ki, tezliklə gəncəlilər voleybolu da futbol, basketbol qədər yüksək səviyyədə dəstəkləyəcək", - deyə M.Cəfərov vurğulayıb.

E.Osmanov əlavə edib ki, Gəncə tarixən Azərbaycanın inkişafında çox böyük rol almış şəhərlərdəndir. Şəhərdə nəinki idmanın, bütün digər sahələrin inkişafı üçün bütün şərait yaradılıb. Gəncə nəhəngliyinə görə Bakıdan sonra ikinci olsa da bir sıra uğurlar ilk dəfə həmin şəhərdə əldə edilib. Hazırda yaradılan qızlardan ibarət voleybol komandasının da bütün addımları bir ilk olacaq. Çünki regionda ilk dəfə belə komanda formalaşdırılacaq.

Sonda komandada çıxış edəcək bir neçə voleybolçu ilə də müqavilə imzalanıb.