
"Gələn mövsümdə də hədəf Premyer Liqada qalmaq olacaq"
- 11:00
- 122
"Şamaxı"nın baş meneceri Kamran İsmayılov klubun gələcəyi ilə bağlı Rekord.az-a açıqlama verib.
Cari mövsüm elita iştiralçıları arasında ən az büdcəyə malik olan klub rəsmisi növbəti mövsümlə bağlı nikbin danışmadı: "Hər kəs bilir ki, bizim sponsorumuz yoxdur. Sırf dövlətdən ayrılan 3 milyon vəsaitlə komandanı saxlayırıq. Rəsmi olmasa da, artıq məlumat yayılıb ki, gələn mövsümdən bu məbləğdə yarım milyon azaldılacaq. Bu mənada reallıq budur ki, gələn mövsümkü büdcəmiuz 2.5 milyon manatdı. Bu büdcənin də qarşılığında, komandada hər hansı yenilik olmasa, gələn mövsümdə də hədəf Premyer Liqada qalmaq olacaq".
İsmayılov "baş məşqçi bu şərtlər altında qaıb işləyəcəkmi" sualımıza isə belə cavab verdi: "Bilirsiniz ki, biz Ayxan müəllimlə müavilənin müddətini uzatmışıq. Düzdür, bunu da etiraf edim ki, biz müqaviləni uzadanda beynimizdən keçirdi ki, yenə 3 milyon alacayıq. Ayxan müəllimlə də həmin büdcə çərçivəsində danışıb razılaşmışdıq. İndi artıq situasiya dəyişib və bu məsələni oturub yenidən müzakirə edəcəyik. Çalışacayıq ki, ortaq məxrəcə gələk".
İsmayılov klub rəhbərliyinin yeni maliyyə qaynaqları axtardığını da bildirdi: "Tək indi yox, komanda Şamaxıya köçəndən bəri bu sahədə işlər görülür, çalışırıq nə isə edək. Amma durum yalandan sizə deyim ki, işıq ucu var, yox. Söz var, yetimə "gəl, gəl" deyən çoxdur, amma çörək verən yoxdur (gülür)".
Həmsöhbətimiz bütün bu çətinliklərə baxmayaraq, heyətin komplekləşdirilməsi üçün indidən fəaliyyətə başladıqlarını bildirdi: "Rikardo Fernandeslə müqavilənin müddətini uzatmışıq. Digər futbolçular arasında da, istər yerlilər, istər legionerlər, müqaviləsi davam edən futbolçular var. O ki qaldı ayrılanlarla bağlı, "Qarabağ"la son tur matçından sonra yəqin ki, bununla bağlı da açıqlamalar veriləcək".