Türkiyənin “Fənərbaxça” klubu Viktor Mozeslə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, ötən ilin yanvar ayında İngiltərənin “Çelsi” klubundan icarəyə götürülən nigeriyalı futbolçunun İstanbul təmsilçisi ilə 1,5 illik müqaviləsi vardı.

Lakin “Çelsi” onu vaxtından əvvəl geri qaytarmağa qərar verib. Buna səbəb nigeriyalı forvardın Milan “İnter”inə transferinin gündəmə gəlməsidi. Bunu London klubunun baş məşqçisi Frank Lempard da təsdiqləyib: “Mozes icarədən qayıdacaq, amma başqa bir komandaya gedəcək. Danışıqlar müsbət yöndədi”.

Britaniya mətbuatı 29 yaşlı futbolçunun 10 milyon avro qarşılığında “İnter”ə keçəcəyini yazır. İtaliya klubu mövsümün sonunadək icarəyə götürəcəyi hücumçunu yayda birdəfəlik transfer etməlidi. Onu “İnter”in baş məşqçisi Antonio Kontenin şəxsən istədiyi bildirilir. Çünki italiyalı mütəxəssis bu futbolçu ilə “Çelsi”də də birgə çalışıb.

Geridə qalan bir il ərzində “Fənərbaxça”da 20 Super Liqa matçına çıxan Mozes, 5 qolla yadda qalıb.