Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Əzizova Polşa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Radomka" 10-cu tur çərçivəsində "Wroclaw" klubu ilə qarşılaşıb.

Doğma meydanda baş tutan görüş "Radomka" üçün uğurlu alınıb. Oyuna daha yaxşı başlayan Rita və rəfiqələri ardıcıl iki setdə qələbə qazanıblar. Qonaq komanda növbəti hissəni aktivinə yazdırsa da, bundan artığına gücü çatmayıb. 4 set davam etmiş matçda voleybolçumuzun komandası 3:1 hesablı qələbəni bayram edib. 

Millimizin üzvü komandasının qələbəsində böyük pay sahibi olub. Əzizova qonaqları 15 dəfə məyus edib. O, bu xallardan 14-nü hücumda, 1-ni isə blokda qazanıb.