Hazırda Mingəçevir futbolunda canlanma hiss olunmaqdadır. Şəhəri I Liqada təmsil edəcək "Mingəçevir" böyük həvəslə yeni mövsümə hazırlaşır. Komandaya yeni futbolçular cəlb olunub, heyət gücləndirilib, bu proses hazırda da davam edir. Komanda ilə bərabər Yaşar Məmmədzadə adına şəhər stadionunda da nəzərəçarpacaq yeniliklər, inkişaf prosesi gedir. Mingəçevirə səfərimiz zamanı sözügedən stadiona da baş çəkib olan dəyişiklikləri gözümüzlə gördük. Sahəsi 10 hektar olan arenanın gəzintisi zamanı "Mingəçevir"in idarə heyətinin sədr müavini Ruslan Həmidov, klubun mətbuat katibi Elnur Qasımov və eləcə də arenanın direktoru Akif müəllim bizi müşayiət elədi. 1953-cü ildə inşa olunan stadionun azarkeş tutumu 5200 nəfərdi. Bu il stadionun 70 illik yubileyidir. Lakin aldığımız məlumata görə, plastik oturacaqlar quraşdırılandan sonra bu say 4800-ə endirilib. Bütün oturacaqlar yenilənməsi ilə diqqət çəkir. Stadionun soyunub-geyinmə otaqları yaxşı vəziyyətdədir. Hakimlər üçün ayrıca "vaqon otaq" gətirilib və ədalət təmsilçiləri bundan sonra futbolçulardan aralı məsafədə olacaq. VİP loja, həmçinin təbii örtüklü qazon da yaxşı vəziyyətdədir. Düzdür, hazırda ot örtüyü dədə-baba qaydası, "şlanq"la suvarılır. Lakin bizə verilən məlumata görə, yaxın aylarda qazona avtomatik suvarma sisteminin quraşdırılması da gözlənilir. Ümumiyyətlə, arenanın hazırkı durumda qalmasında Akif müəllimin böyük rolu var. 2005-ci ildə bu vəzifədə çalışan bu şəxs stadionun hər daşını göz-bəbəyi kimi qoruyub və bu gün də qoruyur.

Stadiondakı digər yeniliklərə gəlincə, standard ölçüdə olacaq süni örtüklü ehtiyat meydançada işlərin çoxu görülüb. Yalnız asfalt səpilib örtüyün döşənməsi prosesi qalıb ki, yaxın günlərdə də bu prosesə də start veriləcək. Gələcəkdə arenanın ərazisində klubun futbol akademiyası üçün binanın tikilməsi də nəzərdə tutulub. Düzdür, bu, gələcək üçün nəzərdə tutulan bir layihədir. Təbii ki, bunun üçün "Mingəçevir"in maddi dayaqları daha güclü olmalı, komanda Premyer Liqada oynamalıdır. Lakin görülən işlər bunun reallaşacağına ümid verir. Təbii ki, Mingəçevir futbolu ilə bağlı ən böyük arzularımızdan biri yeni stadiondur. Hazırkı stadionun 1953-cü ildə tikildiyini nəzərə alsaq, köklü təmirə görə xərc çəkmək itki olardı. Ən yaxşı variant yeni stadionun tikintisidir ki, ümid edirik bu da yaxın gələcəkdə reallaşacaq. Çünki Mingəçevir futbol şəhəridir, bu şəhərdən daima milli səviyyəsində futbolçular yetişib. Bu ənənənin bərpa olunması üçün yeni stadion və Premyer Liqada Mingəçevir təmsilçisinin olması mütləqdi. Bu yöndə hər kəs, AFFA, Mingəçevir İcra Hakimiyyəti, iş adamları kluba dəstək olmalıdır. Ümid edirik ki, yaxın zamanlarda bu dəstək ən yüksək formada olacaq.

 

Anar XANLAROV, Mingəçevir