AVF yeniyetmələr üçün festival keçirib
- 17:20
- 35
Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə 12 yaşadək uşaqlar arasında “Mini Volley” festivalı keçirilib. "Rekord.az" xəbər verir ki, festival Bakı ilə yanaşı, bölgələrdə də təşkil olunub. Tədbirdə paytaxt üzrə 200, ümumilikdə isə 2000-ə yaxın qız və oğlan voleybolçu iştirak edib.
Bakıdakı festival Dəniz Mall-un qarşısında təşkil olunub. AVF-nin baş katibi Faiq Orucov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb. O bildirib ki, festivalın keçirilməsində əsas məqsəd uşaqlar arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği, eləcə də dostluq və komanda ruhu kimi dəyərlərin təşviqidir. Orucov vurğulayıb ki, federasiyanın prioritet istiqamətlərindən biri uşaq voleybolunun inkişafıdır və bu sahədə ardıcıl işlər həyata keçirilir. O, ənənə halını alan bu cür tədbirlərin voleybolla məşğul olanların inkişafına, həmçinin daha çox uşağın idmana cəlb olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Rəsmi açılış mərasimindən sonra ərazidə qurulan voleybol meydançalarında uşaqlar arasında simvolik yarışlar və müxtəlif əyləncəli oyunlar təşkil olunub.
Sonda festivalda iştirak edən uşaqlara sertifikatlar, valideynlərə isə təşəkkürnamələr verilib. Sertifikatları AVF-nin prezidenti Şahin Bağırov və federasiyanın vitse-prezidenti Bəhruz Quliyev tərəfindən təqdim edilib.