Ayxan Abbasovun De Byazini üstələməsi
- 11:56
- 40
Malta matçı deyəndə ağlıma gələn ilk qarşılaşma bu komanda ilə 4 il əvvəl səfərdə keçirdiyimiz yoldaşlıq görüşüdür. O vaxt komandanın başında ölkəmizə gəlmiş ən şərəf yoxsulu adam De Byazi idi. Elə həmin matçda da özünü göstərmişdi bu "mütəxəssis". Malta ilə yoldaşlıq görüşündə milliyə ultramüdafiə futbolu oynatmış, qol buraxmamaq, heç-heçə etmək üçün əlindən gələni eləmişdi. Amma yenə də minimal hesabla uduzmuşduq, komandamız çərçivəyə cəmi 1 zərbə endirmişdi. Yenə deyirəm, rəqib Malta idi, oyun da heç bir əhəmiyyəti olmayan yoldaşlıq görüşü idi. Sırf bu matçı mən bu italiyalı şarlatana heç vaxt bağışlamayacam.
Dünən də Malta ilə yoldaşlıq görüşü oynadıq. Yenə uduzduq, bunun da bir bəhanəsi yoxdur. Ancaq bəzi şeyləri də deməsək, olmaz. Əvvəla, komandanın başında bu millinin nə demək olduğunu anlayan biri var və bunun əksini kimsə iddia edə bilməz. Ayxan Abbasov yaxşı mütəxəssisdir, işləməyə həvəslidir, uğura ac adamdır. İstəsəydi, dünən müdafiədən oynayar, bir bərabərlik, bəlkə də təsadüfi zərbə ilə bir qollu qələbə çıxarardı. Etmədi bunu. Adam başa düşür ki, payızda Millətlər Liqasında bu oyunla heç nəyə nail olmaq mümkün olmayacaq və valı hücuma doğru çevirmək lazımdır. Malta və San Marino ilə matçlarda məğlubiyyətlər mənəvi ağır olsa da, sənəd üzərində və nəticə baxımından heç nəyi həll eləmir. Litva və Lixtenşteynlə oyunlarda isə qalib gəlmək mütləq olacaq. Qalib gəlmək üçün qol vurmaq lazımdır, qol vurmaq üçün isə hücum eləmək. Bunu da gördük dünən.
Bu ölkədə boş qapıya top vurmağı bacaran forvard yoxdursa, bunun günahını məşqçidə axtarmamalıyıq. Millinin hazırkı maksimumu Maltaya qarşı hücum oynamaqdır, ona da dünən şahidlik etdik. Əmrəli, Dadaşov, Axundzadə, İsgəndərli və digərlərinə alternativimiz yoxdur, bu yarımfabrikatların nə vaxtsa təsadüfən çərçivəyə düşməsinə ümid edərək matç izləyiriksə, görəcək günlərimiz hələ qabaqdadır. Reallıq acıdır. 50 dənə epizod qaçıranların yerinə 1 epizodda topu tira qovuşduranları yetişdirmədikcə, heç bir işıqlı gələcəyə ümid ola bilməz.