5 iyun 2026-cı il tarixində Xaçmaz rayonu Yeni Həyat qəsəbə stadionunda  Şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə regional turnirin final matçı keçirilib. “Rekord.az” xəbər verir ki, oyundan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Finalda Xaçmazın Qadaşoba və Qusarın Quxuroba komandaları qarşılaşıblar. 2000-dən çox azarkeşin izlədiyi, gərgin və güzəştsiz mübarizə şəraitində keçən oyun 1:0 hesabıyla Qadaşoba (Xaçmaz) komandasının xeyrinə başa çatıb.

 

Bağlanış və təltifetmə mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov, Şimal Regional Futbol Federasiyasının prezidenti Fəxrəddin Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Mükafatçı yerlərin sahibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplomlar və Şimal Regional Futbol Federasiyasının medalları ilə təltif edilib, qalib komandaya isə diplom və medallarla yanaşı, çempionatın kuboku təqdim edilib. Həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçular hədiyyə və fəxri fərmanlarla təltif ediliblər.

 

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti, Şimal Kəndli Gənclər Birliyi FK və Şimal Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 7-də startı verilən regional turnirdə hər qrupda 3 komanda olmaqla, 24 komanda mübarizə aparıb. Final matçından əvvəl 3-cü yer uğrunda oyun keçirilib, Yalama komandası Gödəkli komandasına qalib gəlib - 3:1.