
Dağ velosipedi üzrə Azərbaycan çempionatına start verilib
- 18 Okt 2025 23:20
- 34
Dağ velosipedi üzrə ölkə çempionatı başlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın ilk gününda iştirakçılar Xocəsən qəsəbəsində yerləşən Dağ Velosipedi Parkında “Cross Country” növündə qüvvələrini sınayıblar.
U15 yaş kateqoriyasında 5,4 km məsafəyə (1,8 km x 3 dairə) mübarizə aparan idmançılar arasında Toğrul Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hüseyn Zeynalzadə 2-ci, Murad Cabbarlı 3-cü yeri tutub.
U17 yaş kateqoriyasında çıxış edən idmançılar 8,4 km məsafə (2,8 km x 3 dairə) qət ediblər. Yarışın yekununa əsasən, Əli Zeynalzadə, Emil Vaxrameyev və Aydın Məmmədov müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Gənclər, U23 və Elit kateqoriyasında yarışan idmançıların 8,4 km məsafəyə (2,8 km x 3 dairə) mübarizəsi isə Maksim Polikarpovun qələbəsi ilə yekunlaşıb. Artyom Proskuryakov gümüş, Mirmövsüm Cəbrayılov bürünc medala yiyələnib. Fərqlənən idmançıların hamısı Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləridir.
Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.
Ölkə çempionatının 2-ci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə ən güclüləri müəyyən edəcəklər.