İki şəkil arasındakı fərqi tapın... 


 

Bir qarın çörək... Yalnız Azərbaycana və azərbaycanlılara məxsus ölçü vahidi. O qədər məna, mizah var ki bu hesablamada. Bir qarın çörək qorxusu tituluna, fiziki gücünə, təcrübəsinə baxırmı insanın? Sadəcə qorxu. Qorxmayanlar çox azdır. Mədənin qəbullanmasından asılı olaraq kimisi üçün bu həyəcan 300, kimisi üçün 500, kimisi üçün də milyonlardır. 

2021-ci ilin avqustu... Hava limanı... Sadıq Sadıqovun de-yure rəhbərlik etdiyi cüdo federasiyası bir olimpiya bürüncünə sarılıb. Onu da nə Sadıqova, nə də Azərbaycan cüdosuna aidiyyatı olmayan İrina Kindzerska qazanıb. Bütün ümidlər göydən düşən ən zəif əyarlı dəmirə bağlanıb. Hər kəs “gediş bileti”ni arxada gizlədib kameraya gülümsəyir. 

O dönəmin rəhbərliyi üçün nəticədən başqa heç nə maraqlı deyildi. Görüntü xatirinə açılan bir-iki zal, böyük pullar və əldə olanın sonuna kimi sıxıb suyunu çıxarmaq. İlk cəhddə iki olimpiya gümüşünə sevinən komanda bir də baxdı ki, cecəyinə çıxıb. Bir medal və üfüqdə isə istefa görünür. 

2023-cü ilin mayı... Hava limanı... Yox, hələ dönüşə var. Hələ olimpiya oyunlarına da var. Amma komanda yenə bir bürüncdən yapışıb. Oxşarlıq odur ki, bu gün də federasiyanın arxasında böyük güc var. 
Rəqəmsal inkişaf və nəqliyyat naziri ən azı görünən budur ki, heç nəyi əsirgəmir. Amma eyni zamanda ətrafındakılar sanki dərk etmir ki, bürünc bugünkü, qorxu gələnilki olmalıdır. 

Nəbiyev gələndən əksər rayonlarda sözdə yox, əməldə zallar açılıb, şərait yaradılıb. Nazir mətbuat önündə ilk iclasında ona verilən strategiyanın arxasında duracağını, atacaqları hər addıma görə ətrafına güvənəcəyini göstərdi. Hətta alman Riçard Trottman və niderlandlı Van de Hamı şəxsən təqdim etdi. 

Əcnəbi məşqçi, əcnəbi performans direktoru, cüdo ailəsi üçün təhsil planları, ardıcıl yerli və beynəlxalq turnirlər, bütün yaş qrupları üzrə yarışlar... Əyninə kimano geyinən hər kəs iş başındadır. 

Hə... Sonuncu cümlə! Hamı çörək yiyəsidir. Bəs bölən necə bölüb? Ya da necə bölə bilib? 

İndiki federasiya bir zamanların AFFA-sının taktikası ilə gedir. Hər kəsə bir iş fikirləşilib. Demaqoqlar da ən azı bir işə yönəldilib ki, sakit dursunlar. Adamın üstündə Allah var, ACF-nin pulu AFFA qədər olsa da, Məmmədov qədər amansız deyillər. 

Rekord.az-ın əvvəlki yazılarını axtarış verəndə indiki nəticə ilə bağlı xəbərdarlıqlara rast gəlirsən. Yeni vaxtlarda yazılan yazıda qeyd olunub ki, təyinatların təhlükəli tərəfləri var. Siz Azərbaycan cüdosunun əfsanələrindən olan Mövlud Mirəliyevi, Elçin İsmayılovu bir günün içində hörmətdən salıb ikinci, üçüncü adam edirsizsə, gətirdiyiniz onlardan 5 baş üstün olmalıdır. Performans direktoru postundakı şəxsin ətrafdakıları təəccübləndirməyəcəyinə əmin deyilsizsə, bu şou olacaq. 

Tamam cüdoda beynəlxalq federasiyanın yerli qurumlara gizli təzyiqi az qala bütün dünyada qəbul olunandır. Amma hələ xəsisliyi ilə ad çıxarmış Füzuli Ələkbərovun prezidentliyi dövründə komandası Peter Zeyzenbaxeri tapıb karyerasını bitirmək üzrə olan Elxan Məmmədovdan dünya çempionu edə bildisə, siz daha yaxşısını tapmalısınız. 

Əgər bir, xüsusilə əcnəbi mütəxəssis 2 ilə Zeyzenbaxerdən 100 dəfə yaxşı şəraitlə, inanılmaz geniş heyətlə onun kimi nəticə verə bilmirsə, ondan sormaq lazımdır. Qəribə görünməyə bilməz. Komandamızın 3 peşəkar, medala namizəd idmançısının eyni yanlış addımla diskvalifikasiyaya - "hansoku-make"yə məruz qalması yeniliklərdən, normal analizlərdən, izahlardan uzaq düşməyə işarədir həm də. Dünya çempionatında cüdomuza "hansoku make" verildi .Olimpiadaya isə çox az vaxt qalıb. Oradan diskvalifikasiya adətən tataminin içi ilə bitmir.

Rəşad Nəbiyev ölkədə ən güclü nüfuz sahiblərindən olsa da, görünən odur ki, onun komandası bəzi nüfuz sahiblərinin, zənglərin öhdəsindən gələ bilmir. 

Olimpiya çempionu Elnur Məmmədli, dünya çempionu Elxan Məmmədov, cüdo federasiyasını bəyənmədiyi, az qala yaşanan uşaq faciəsi zamanı qorxunc xəstəlik kimi reaksiya verdiyi idman növü - sambo üzrə nəticələri ilə xüsusilə diqqət çəkmiş Natiq Bağırov. 

Məmmədli tatamidə əfsanə olsa da, idarəçilikdə bu uğurdan uzaq olduğu şübhəsizdir. Məsələn, bürüncə sarılmaq əvəzinə vitse-prezident kimi sağında dayanan Trotmannın yaxasından birinci o yapışmalı idi. 

Tokio olimpiadasında yığmamızın ukraynalı baş məşqçisi Ruslan Maşurenkonu kənara “atıb” fiaskoya səbəb olan Elxan Məmmədovun A millidən qovulandan az sonra gənclər yığmamıza baş məşqçi təyin edilməsi, ilk səhvdəcə yeniyetmələr yığmasının baş məşqçisinin göndərilib yerinə Məmmədovun köməkçisi və dostu Rüstəm Alimlinin təyinatı, yalnız Belarus cüdosuna xeyir vermiş Natiq Bağırovun əsas rolda olması və sairə və ilaxır. 

Bunları görən tək biz deyilik. O gözlər isə belə olanda çətinlikləri görməzdən gəlir. Yekunda isə yenə hava limanı... Yenə bir bürünc ətrafında şəkil... 
 

Mirzə Süleymanlı, xüsusi olaraq "Rekord.az" üçün