
“Çempionlar Liqasında zəif rəqib yoxdur” - Kurtinaytis
- 02 İyl 2025 18:20
- 47
“Çempionlar Liqasında zəif rəqib yoxdur”.
Rekord.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, turnirin müntəzəm mövsümündə B qrupunda yer alan rəqiblərдə bağlı fikirlərini bölüşüb:
“Püşkatma ilə bağlı hər hansı illüziyalar qurmurduq, rəqibləri güclü və zəiflərə bölmürdük. B qrupunda yer alan rəqiblərimizə gəlincə, “Alba” 24 illik fasilədən sonra yenidən FIBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turniri qazanmağa favorit komandalardan biridir".
Litvalı mütəxəssis Çexiya təmsilçisi “Nimburk” haqqında da danışıb:
"Bu komanda daha öncə FIBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət kollektivdir. Ötən mövsüm Çempionlar Liqasında 1/4 finala kimi irəliləyiblər. Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Mən Fransa təmsilçisi “Şole”də oyunçu kimi çıxış etmişəm. Bir sözlə, Çempionlar Liqasında zəif rəqib yoxdur. Bizim rəqabətədavamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.
Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən, Bakı klubu B qrupunda "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq. Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.