Cavid Hüseynov: "Nəsə fikir desəm də, bunun heç bir mənası yoxdur" - MÜSAHİBƏ
- 2019-11-24 22:58
- 977
"Zirə"nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Keşlə"yə (3:1) qarşı keçirdikləri görüşdən sonra jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Bu cür rahat qələbə qazanacağınızı ehtimal edirdiz?
- Düzü, rahat qələbə qazanacağımızı gözləmirdik. Amma qələbə üçün oynamağa borclu idik. Turnir cədvəlindəki mövqeyimiz yaxşı deyildi. Rəqiblər də qələbə qazanmışdı. Nəyin bahasına olursa-olsun yarışdan qopmamaq üçün qələbə qazanmaq istəyirdik. Şükürlər olsun ki, bunu əldə etdik.
- İlk dəqiqələrdən “Zirə” futbolçularının istəkli olması açıq-aşkar görünürdü. Oyuna da aqressiv başladınız. Bu nədən qaynaqlanırdı?
- Elə bu cür də hazırlaşmışdıq. Oyundan əvvəl də hamımız anlayırdıq ki, meydanda can qoyub qələbə qazanmaq lazımdır. Qələbə üçün də gərək vuruşasan. Kollektiv şəkildə bunu bacardıq.
- Bu gün həm fərqli Cavid Hüseynov, həm də fərqli “Zirə” gördük. Bugünki oyunla müqayisədə əvvəlki matçlarda fiziki durumun yaxşı deyildi, yoxsa komandaya öyrəşə bilməmişdin?
- Bilmirəm, bu suala cavab verə bilmərəm. Bilmək olmaz, növbəti oyunda bəlkə yenə pis oynadım (gülür). Amma istəyərdik ki, uğurlu çıxışın davamını gətirək. Qələbəni tez unudaraq növbəti oyunlara hazırlaşacağıq.
- Qaçırdığınız qol epizodları da az deyildi. Bu səni narahat edir?
- Narahat edir. İlk hissədə 2-3 100 faizli qol imkanını qaçırdıq. Həmin epizodları vursaydıq hər şey daha fərqli olardı. Amma futbolda bu cür hallar baş verir.
- “Keşlə”nin milli üzvlərindən fərqli olaraq, “Zirə”nin milli oyunçuları daha yaxşı təsir bağışladı. Deyəsən, sizin istirahət üçün çox vaxtınız olub...
- Kollektiv şəkildə yaxşı oynadıq. Hər mövqedə yer alanlar öz üzərinə düşəni etdi. Milli üzvləri deyə, ayırmazdım. “Keşlə” bu oyuna qədər yaxşı oyun oynamışdı.
- Bu gün meydanda həm öz işini, həm də Şafik Tiqrucanın işini görürdün. Çətin olmurdu sənə?
- Elə taktika ilə oynayırdıq ki, baş məşqçimiz deyirdi qol epizodlarımız olacaq, çalışın onlardan yararlanın. Şafik Tiqrucanın da ayrı yerir. Özüm haqda nəsə demək istəmirəm. Çalışdım ki, komandaya kömək edim, nəticəyə təsir edim. Qaçırdığım 100 faizli qol epizodu da var idi. Ona görə də məyus oldum. Çalışırıq ki, nəsə əldə edək.
- Millinin çıxışını sən də qənaətbəxş hesab etmirsən? Daha çox Nikola Yurçeviç tənqid edilir. Baş məşqçi dəyişikliyi nəyisə dəyişəcək?
- Bu sualları cavablandırmaq, bu mövzuya girmək istəməzdim. Ağır qrupda yer alırdıq. Çox xal toplaya bilərdik, amma bacarmadıq. Hər bir nəticəyə baş məşqçi cavabdehdir və sonda sorğu-suala çəkilən komandanın çalışdırıcısıdır. Nikola Yurçeviçin qalıb-qalmamasına da AFFA qərar verir. Nəsə fikir desəm də, bunun heç bir mənası yoxdur. Həm də nəticəyə təsir etməyəcək.