
“Bu, rəhbərlik səviyyəsində həll olunmalıdır” – Elmar Baxşıyev
- 19:24
- 58
"Araz Naxçıvan" bu gün Azərbaycan Premyer Liqasının 35-ci turunda "Şamaxı"nın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Baxşıyev 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
"Ağır oyun alındı. Komanda şəklində bizi necə oyun gözlədiyini bilirdik. Ümumi götürəndə mövsüm ərzində istədiyimiz nəticəni əldə edə bildik. Sevindircidir. Rəhbərliyi təbrik edirəm. Sağ olsunlar, bizə inandılar.
Konfrans Liqası ilə bağlı danışmaq hələ tezdir. Qarşıdakı günlərdə rəhbərliklə görüşüb müzakirələr aparacağıq. Mən bura gələndə də rəhbərliklə görüşüb danışmışdım. Transferlərlə bağlı heç nə deyə bilmərəm. Bəlkə mənim işim rəhbərliyi qane etməyəcək, amma ümumi olaraq Naxçıvan adına çox sevinirəm.
Məndən olsa, komandanı bu dəqiqə götürüb Naxçıvana apararam. Amma bu məsələ rəhbərlik səviyyəsində həll olunmalıdır. Öz meydançamızda, azarkeşlərimizin qarşısında daha yaxşı çıxış edə bilərik. Ümid edirəm ki, yeni mövsümdən Naxçıvanda oynayarıq.
Yenə də çox sağ ol deyirəm ki, mənə güvəndilər, inandılar. Və düşünürəm ki, inam olan yerdə nəticə də olur.
Uğurun açarı daha çox futbolçulardır. Yaxşı xarakterə sahib kollektiv formalaşdırdıq. Düşünürəm ki, gələcəkdə bu komandaya əlavələr olsa, daha yaxşı olar.
Keçmiş komandam "Qəbələ"nin yeri elə Premyer Liqadır. Onlara öz təbriklərimi çatdırmışam".
"Araz Naxçıvan" sonuncu turda "Zirə" ilə qarşılaşacaq.