Yazının başlığının nağıl formasında seçilməsi təsadüfi deyil. Azərbaycan futbolundan  yazırsansa, heç təsadüfi sayılmamalıdır. Çünki bizim futbolun başında duranların bütün işi, əməli elə nağıl üzərində qurulub. Aradan keçən  bunca illər ərzində bizlərə nə qədər nağıl danışıblar...

 

Xatirinizdədirsə, ötən ilin  sonlarına doğru AFFA rəsmi şəkildə açıqlama yaydı ki, 2022-ci ilin fevralından Azərbaycan Premyer Liqasında VAR sistemi tətbiq olunacaq. Ancaq vaxt-vədə gəlib  yetişəndə məlum oldu ki, bu, olmayacaq. Səbəb kimi də pandemiyanı göstərdilər. Guya koronavirus səbəbindən VAR-a daxil olan  cihazların alınmasında problem yaranıb və s. və i. Bir sözlə, söhbətin başını texniki problemlə bağladılar. Sual yaranır, 2 ay bundan qabaq bununla bağlı açıqlama verməndə bilmirdiniz ki, cihaz istehsal edən zavodlar işəyir, ya yox? Yoxsa rəsmi açıqlama verib, sonra araşdırmaya başlamısınız? Necə ki, Premyer Liqada say artımı ilə bağlı açıqlama verib, sonra sponsor axtarışına çıxırsınız. Axırda da məlum olur ki, sponsor yoxdur, say artımı da olmayacaq. İndi də görəsən daha dərin araşdırma aparıb sonra açıqlama vermək olmazdı? Həm sual olunur: necə olur ki, istənilən ölkə istənilən vaxt VAR-a keçə bilir, elə qonşu Türkiyə, bizə yaxın Ukrayna, amma bizdə gələndə cihaz qurtarır? Öz danışdığınz nağıla özünüz inanırsınız? Bəlkə əsl həqiqəti ictimaiyyətə açıqlayasınız? Deyəsiniz ki, pul tükənib, SOCAR-da formalaşan yeni idarəçilik sistemi sizə imkan vermir ki, əvvəlki kimi, kefiniz istəyən vaxt kefiniz istəyən qədər məbləği dədə malı kimi ordan çıxardasınız. Artıq sözügedən qurum hər qəpiyə nəzarət edir, hesabatını alır.

 

Qısacası, VAR-ın tətbiq edilməsinin baş tutmaması heç də hansısa texniki problemə yox, birbaşa maliyyəyə dayanır. Çünki səhv etmirəmsə, AFFA bu məsələni gündəmə gətirəndə 2 milyon  manat nəzərində tutmuşdu. İkinci qərar veriləndə, hansı ki, artıq SOCAR-da islahatlar aparılmış, yeni idarəetmə strukturu formalaşmışdı, bu rəqəm birdən-birə 500 min manata qədər endirildi. Yəni daha öncəki məbləğdən 4 dəfə daha az. Görünən bu idi ki, SOCAR-ın yeni idarəçiləri birdən-birə 2 milyon məbləği görməzə-bilməsə AFFA-ya vermək istəməyib. 500 minə isə bu işin baş tutacağı inandırıcı deyildi. Çünki Ukraynada tək bir stadionda yüksək səviyydə VAR-ın quraşdırılması üçün 400 min manata yaxın vəsait xərclənib. Bu mənada AFFA ən azı 8 stadionda ortabab VAR sistemini quraşdırmaq üçün hər stadiona heç olmasa 250-300 min xərc çəkməli idi. 500 minə 8 stadionda VAR sistemi quraşdırmaq mümkün deyildi. Bunu AFFA özü də gözəl bildiyi halda nədənsə fevrala kimi ictimaiyyətə ümid verdi. Fevralda isə avadanlıq nağılını ortaya atıb məsələnin baş tutmayacağını bildirdi. Bu geişlə heç növbəti mövsümdə də VAR-ın tətbiqinə ümid bəsləməyin. Bunun üçün SOCAR tələb olunan vəsaiti ayırmalıdır. Ya da UEFA-ya, FİFA-ya ağız açılmalıdr. Əks halda, vəziyyət nağıldakından da pis olacaq. Yenə nağılda heç olmasa, biri var. Bizim futbolda heç o VAR da yoxdur...

 

Anar XANLAROV