“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci turunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib.


Rekord.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov gözəl qələbə qazandıqlarını bildirib:


“Futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Bu gün sanki bir yerdə idilər. Baxmayaraq ki, qarşımızdakı “Kopenhagen” idi, futbolçularımız çox yaxşı mübarizə apardılar, xüsusilə, ikinci hissədə. Bu tip oyunlarda sonadək mübarizə aparmaq lazımdır və onlar da bunun öhdəsindən gəldilər. Gözəl qələbə idi. Buna görə hər kəsi təbrik edirəm.


Həmişə inamla işləyirəm və futbolçularıma da bunu aşılamağa çalışıram. Bu komanda oyunudur, inam olmalıdır, belə olmasa, qələbələr olmaz. Bəlkə də, altı xal gözləməzdim, amma inanırdım.


Çox xoş hissdir. Biz Azərbaycanın “Qarabağ”ıyıq. O yerlərdə olmaq möhtəşəmdir. Səhv etmirəmsə, cənab Prezident də təbrik edib, ona da təşəkkür etmək istəyirəm. Bu da onu göstərir ki, məsuliyyətimiz daha da artır. Biz rahat deyilik, daim çalışırıq.


Uğur olan yerdə diqqət daha çox olacaq. Təbriklər, xoş sözlər daha çox olacaq. Amma biz buna aldanmamalıyıq. Çünki bunun uğursuz tərəfləri də var. Ən vacibi, həmin anlarda onun öhdəsindən gəlməkdir. Sevincli haldır, Türkiyə kimi böyük ölkədə bizim komandadan danışılırsa, xoş sözlər deyilirsə, sağ olsunlar, buna ancaq sevinə bilərik.


Elvin Cəfərquliyev üçün sevinirəm. Bir tərəfdən mənim komandamın oyunçusunun, digər tərəfdən də azərbaycanlı futbolçunun oyunun ən yaxşısı seçilməsinə görə ancaq sevinə bilərəm. Elvinin bacarığından aşağı çıxış etdiyi oyunlar da olub. Yəni, istənilən halda, ona bel bağlamaq olmaz (gülür)”.