“Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis "Neftçi”yə qarşı Azərbaycan Basketbol Liqasının final matçından sonra klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, mütəxəssis həlledici seriyanın üçüncü matçında 76:79 hesablı məğlubiyyəti belə şərh edib:


“Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu. Buna baxmayaraq faciə baş verməyib.Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İki gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi, burada da vurmayana vurarlar prinsipi keçərlidir”.


Əvvəlki iki görüşdə "Sabah" qalib gəlib. Növbəti matçın mayın 8-də təşkili planlaşdırılır. Seriyada rəqibini 4 dəfə məğlub edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.