“Barselona” ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq”
- 22:40
- 27
"Sabah" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"ı 5:1 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, baş məşqçi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında qırmızı vərəqənin oyunun nəticəsinə təsiri ilə bağlı danışıb:
“Bəli, oyunun həlledici məqamlarından biri qırmızı vərəqə idi. Amma rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. "Sumqayıt" 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir”.
Mütəxəssis Xəyal Əliyevin çıxışını da dəyərləndirib: “Həqiqətən də, Xəyal bizim üçün çox önəmli oyunçudur. Bəzi həlledici anlarda ona fürsət veririk. O da fürsətdən yararlanmağa çalışmalıdır. Xəyalı meydançada görmək məni fərəhləndirir”.
Dambrauskas beş gün sonra "Barselona" ilə keçiriləcək oyun barədə də fikirlərini bölüşüb:
“Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.