“Azərbaycan futbolunun hazırkı vəziyyətinin günahı nə AFFA rəhbərliyində, nə baş məşqçidə, nə də futbolçulardadır“.

Rekord.az xəbər verir ki bu sözləri sportinfo.az-a açıqlamasında “Bakı”nın sabiq icraçı direktoru Yaşar Seyidov deyib.

Azərbaycan futboluna xeyli istedadlı oyunçu bəxş etmiş, ancaq indi “futbol qəbirstanlığı”nda "uyuyan" "Bakı"nın keçmiş rəsmisi yığmanın uğursuzluğunu Premyer Liqa klubları ilə əlaqələndirib:

“Ölkənin əsas komandasının bu günə düşməsində Premyer Liqa klublarını ittiham etmək lazımdır. Orada çalışan futbol funksionerləri əsas işlərini bir kənara qoyub nəticə dalınca düşdüklərindən, yığmada kadr problemi yaşanır. Onların bir çoxunun Əsasnamədən xəbəri yoxdur.

Əsasnamədə yazılıb ki, ölkə klublarının əsas məqsədi yığma komandalar üçün oyunçu yetişdirməkdir. Gəlin baxaq, görək hansı klubumuzda bu məsələ prioritetdir? Azərbaycan futbolunun markası “Neftçi” hesab olunur.

O gün mətbuatda oxudum ki, 19 yaşlı afrikalı hücumçunu baxışa dəvət ediblər. Niyə Afrikadan? Bəyəm bizdə istedadlı futbolçu tapıb üzə çıxarmaq bu qədər çətindir? Hamı nəticə dalınca düşüb. Futbolçu yetişdirmək klublarımızın maraq dairəsində deyil.

Deyə bilərsiz ki, klubun öz siyasəti var və onun borcu deyil ki, yığmaya futbolçu yetişdirsin. Ancaq məsələ belə deyil. Hər bir klub ölkənin əsas komandasını düşünməli, ona ehtiyat qüvvə hazırlamalıdır.

Bu gün yaşı az qala 100-ə yaxınlaşan “Neftçi”də yığma üzvlərindən kim var? Səlahət Ağayev “Keşlə”də (keçmiş "İnter") futbolun sirlərinə yiyələnib. Emin Mahmudov Rusiya futbol məktəbinin yetirməsidir. Tərbiyəsiz Anton Krivotsyuk isə Ukraynadan gəlib. Bəs hanı illər uzunu “Neftçi”yə ayrılan pullar?

Eyni sualı başqa klublarımıza da ünvanlamaq lazımdı. Heç kim deyə bilməz ki, mənim rəhbərlik etdiyim klubun maddi problemi var. Elita təmsilçilərinin Lisenziyalaşdırma Komissiyasına təqdim etdiyi sənədlərə əsaslansaq, hər birinin yetərincə maliyyəyə malik olduğunu görə bilərik.

10 ildir “Neftçi”yə ildə minimum 10 milyon vəsait ayrılır. 10 ildə bu məbləğ 100 milyon manat edir. Hanı bu klubun yetirmələri? “Bakı”nın 42 yetirməsi bu gün müxtəlif klublarda və eləcə də yığmada çıxış edir. Biz bu işi bacarmışıqsa, deməli, hər şey mümkündür.

Sadəcə, hər bir klub funksioneri yığmanı düşünüb, bu məsələyə diqqət yetirməlidir. Təəssüf ki, Premyer Liqa klublarının rəhbərləri öz məsuliyyətini başa düşmür, millinin uğursuzluğunda pay sahibi olduqlarını etiraf etmək istəmirlər.

O ki qaldı millinin baş məşqçinin, AFFA-nın günahına, bu, artıq başqa mövzudur. Bununla bağlı geniş danışmaq lazımdır və inanıram ki, bu mövzu barədə ətraflı diskussiyamız olacaq”.