Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.

Rekord.az xəbər verir ki, komandalar qrup mərhələsinin 2-ci turunda 8 oyun keçiriblər.

Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.

A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini qazanıb - 4:0. Yığmamızın rəqiblərinin duelində - Mavritaniya və Bəhreyn seçmələrinin duelində Afrika təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

A qrupu: Azərbaycan - 4. Mavritaniya - 4. Bəhreyn - 1. Sloveniya - 1.

B qrupunda mübarizə aparan Fransa Özbəkistanın müqavimətini qıra bilməyib və görüş 3:3 hesabı ilə yekunlaşıb. Qrupun digər oyununda isə günün sensasiyası qeydə alınıb. Son dünya çempionu Rumıniyaya 4:2 hesabı ilə qalib gələn Çad aktivinə ilk 3 xalı yazdırıb.

B qrupu: Fransa - 4. Çad - 3. Rumıniya - 3. Özbəkistan - 1.

İngiltərə və Macarıstan komandalarının qarşılaşdığı C qrupunda tərəflər qalibi müəyyənləşdirə bilməyiblər - 1:1. Digər matçda isə Türkiyə Ukrayna yığmasına 3:1 hesabı ilə üstələyərək ilk qalibiyyətini əldə edib.

C qrupu: İngiltərə - 4. Türkiyə - 4. Macarıstan - 2. Ukrayna - 0.

D qrupunda isə Bolqarıstan Hindistanı böyük hesabla məğlub edib - 5:0. Portuqaliya yığması isə Slovakiya üzərində 2:1 hesablı qələbə qazanaraq xallarının sayını altıya yüksəldib və qrupdan çıxmasını vaxtından əvvəl təmin edib.

D qrupu: Portuqaliya - 6. Slovakiya - 3. Bolqarıstan - 3. Hindistan - 0.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.