
Azərbaycanlı futbolçu viza məsələsini həll etdi, bu tarixdə Norveçdə məşqə çıxacaq
- 13:00
- 122
Həmyerlimiz Fərid Cəbrayılzadə Norveçin “Brann” klubuna keçidi haqda bir müddət öncə mətbuatda məlumatlar getmişdi.
Rekord.az xəbər verir ki, 18 yaşlı oyunçumuz bundan öncə Azərbaycanda “Qarabağ”, “Xəzər” (Buzovna), “İnter”, “Leon” və “Sabah” kimi akademiya və gənclər komandalarında forma geyinib.
2019-cu ildə ailəsi ilə birlikdə “Green Card” lotereyası vasitəsilə ABŞ-a köçən Fərid burada da futbol karyerasını davam etdirib. Əvvəlcə “Valeo” klubunun əsas komandasına seçilərək MLS-də çıxış edib, daha sonra pandemiyadan sonra ESNL liqasında oynayıb və finala qədər yüksəlib. Sonrakı dönəmdə “New England” klubunda U-19 liqasına qədər yüksələrək həm öz yaş qrupunda, həm də iki yaş böyük oyunçularla mübarizə aparıb. Bu il isə Avropada oynamaq şansı yarandığından "köhnə qitə"yə yollanmalı olub. Atası Ceyhun Cəbrayılzadə saytımıza açıqlamasında bildirib ki, əslində keçid daha əvvəl baş tutmalı imiş. Lakin sənədləşmə ilə bağlı həlli vacib məsələlər olduğu üçün ABŞ-a dönməli olublar. Məsələ ilə artıq həll olunub: "Bilirsiniz ki, Norveç "Şengen zonası" sayılır. Buna görə ABŞ-a qayıdıb bu məsələni həll etməli idik. Fəriddə Azərbaycan pasportu olduğu üçün "Şengen vizası" almaq vaxt apardı. Ayın 20-dən sonra ABŞ, pasportu verilməlidir, imtahanların hamısından keçib. ABŞ pasportu alandan sonra gediş-gəlişi rahat olacaq. Artıq viza alınıb və Fərid oktyabrın 9-10-dan komandaya qoşulacaq. Amma müqaviləni çoxdan bağlamışıq, sentyabrın 1-dən. Onlarda mövsümün sonu olduğu üçün hələlik əvəzedici komandada çıxış edəcək. Gələn mövsümdən inşAllah əsas komandaya qoşulacaq".
Sonda Ceyhun bəy onu da bildirdi ki, oğlunun müqavilə bağladığı klub mətbuatda yazılan kimi "Brann" yox, "Brayn"dı.