Noyabrın 16-da voleybol üzrə 2023-cü il Avropa çempionatının qrupları üzrə püşkatma mərasimi keçiriləcək. "Rekord.az" xəbər verir ki, sabah İtaliyanın Napoli şəhərində Bakı vaxtı ilə saat 20:00-da start götürəcək püşkatmada Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının da mübarizə aparacağı qrup və rəqibləri bəlli olacaq. 

CEV-in rəsmi "YouTube" kanalı və "Facebook" səhifəsində canlı yayımlanacaq tədbirdə qadınlarla yanaşı, kişi voleybolçuların da qitə birinciliyinin qrupları üzrə püşk atılacaq. Qaydalara əsasən yarışa ev sahibliyi edəcək ölkələr qrup rəqiblərindən birini özləri seçmək haqqına malikdirlər. 

Qeyd edək ki, Azərbaycan qitə çempionatında yalnız qadınlardan ibarət millimizlə təmsil olunur. Komandamız bu il keçirilən təsnifat mərhələsində uğurla mübarizə apararaq ardıcıl 10-cu dəfə Avropa birinciliyində iştirak hüququ qazanıb. Qadınların yarışı 2023-cü il 15 avqust-3 sentyabr tarixlərində Belçika, Almaniya, İtaliya və Estoniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq. Kişilərin birinciliyi isə gələn il 28 avqust-16 sentyabr tarixlərində İtaliya, Şimali Makedoniya, Bolqarıstan və İsrailin ev sahibliyi ilə keçiriləcək.