Azərbaycanın 3 boksçusu beynəlxalq turnirin finalında
- 2022-09-15 11:41
- 498
ABŞ-ın Pueblo şəhərində boks üzrə keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.
Rekord.az xəbər verir ki, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin də qatıldığı yarışda Azərbaycan yığmasının 3 idmançısı finala yüksəlib.
51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rəqibi Bo Fanq (Çin) döyüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici qarşılaşmada çinli Xinminq Ma ilə üz-üzə gələcək.
Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçumuz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək.
Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2 (30:27, 29:28, 29:28, 28:29, 28:29). Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşəcək.
Komanda yoldaşlarından fərqli olaraq, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçumuz 3-cü yeri tutub.
Turnirdə final döyüşləri sentyabrın 15-də olacaq.