
Azərbaycan kubokunun acı reallığı: 12 komanda, 4 aylıq fərq, mövsümə 15 oyun: YAZI
- 14 Fev 2022 12:00
- 817
Kubokun 1/4 final mərhələsi başa çatdı və yarımfinalçılar məlum oldu. Yarımfinal matçları isə aprelin 20-də, yəni iki aydan sonra oynanılacaq. Ümumiyyətlə futbolumuzun hazırkı acınacaqlı durumu birbaşa kuboka da təsir edir. Premyer Liqada komanda sayının azlığı, I Divizionun demək olar ki, yox səviyyəsində olması, II, III və s. divizionların, ümumiyyətlə, olmaması bu acınacaqlı durumu çılpaqlığı ilə ortaya qoyur. Məsələ nədir?
Azərbaycanda Premyer Liqa avqustda start götürür. Kubok oyunları isə dekabrda. Konkretləşdirsək, cari mövsüm avqustun 15-də başlayıb. Kubokun ilk oyunu isə dekabrın 10-da keçirilib. Arada 4 aylıq bir fərq var yəni bu, absurd bir şeydi, Avropanın, hətta Afrikanın heç bir ölkəsində belə bir şey görə bilməzsiniz ki, bir mövsümdə çempionatın startından 4 ay sonra kubok mübarizəsi başlasın. Hətta futbolumuzun ac dönəmində belə, çempionatdan bir ay sonra kubok yarışlarına start verilirdi. Azərbaycan kubokunun 1/32 final mərhələdən start götürdüyü vaxtlar da olub. Hətta deyim ki, çempionatla kubokun eyni ayda start götürdüyü vaxtlar olub. 1994-95-ci il mövsümündə çempionat sentyabrın 18-də, kubok isə sentyabrın 21-də start götürüb.
İkinci məsələ, dekabrın 10-da 1 oyundan ibarət 1/8 final mərhələsi keçirilir və orada da Premyer Liqa təmsilçilərinin hamısı yox, yarısı çıxış edir. Bununla da 1/4 finalçılar müəyyən olur və 1/4 final üçün fevralın 1-ni gözləməli oluruq. Daha 2 aylıq fasilə də burada yaranır. "Neftçi" və "Qarabağ" kimi komandalar da mübarizəyə məhz 1/4 finaldan qoşulur. Təsəvvür edin, ölkənin iki güclü komandası və eləcə də "Zirə" və "Sumqayıt" çempionatın startından 6 ay sonra kubok yarışlarında debüt edir. Yəni belə bir faktla da inanmıram ki, hansısa normal futbol ölkəsində rastlaşa bilək.
Üçüncü məsələ, fevral ayında yarımfinalçılar məlum olur və kubok həyacanı yaşamaq üçün bir də aprelin 20-ni gözləməli olacayıq. Ardınca may ayında final və bununla da mövsümün kubok yarışları cəmi 15 oyunla yekunlaşır. Gülməli və eyni zamanda Azərbaycan futbolunun hansı acınacaqlı durumda olduğunu sübut edən əslində ağlamalı bir fakt. Halbuki Avropanın əhalisi və iqtisadiyyatı bizdən aşağı olan ölkələrində komandalar 1/16 finaldan mübarizəyə başlayır, tək bu mərhələdə 16 oyun oynanılır ki, bizim kubok mövsümünün bütün oyunlarından daha çoxdur. Mən hələ Avropanın nəhəng futbol ölkələrini demirəm, heç onlarla müqayisəyə belə gəlmirik.
Bütün bu acınacaqlı tablonun səbəblərini yuxarıda qısaca sadaladım. Premyer Liqada komanda sayı azdır, I Divizion formal olaraq keçirilir, komandalar yarıhəvəskar səviyyədədir, II, III divizionlar yoxdur, bölgə futbolundan, kütləvilikdən danışmağına dəyməz. Çıxış yolu nədir? Bunu dəfələrlə açıqlamışıq. Futbolun başında futbolu bilən, cibini yox, futbolu düşünən insanlar dayanmalı, ölkədə futbolun kütləviliyini təmin edən sistem qurulmalı, yeni liqalar yaradılmalı, futbolda şəffaf mühit formalaşmalı, dövlətlə, onun yerli idarəetmə strukturları, eləcə də gənclər və idman, təhsil nazirliyi ilə sıx əməkdaşlıq qurulmalı, futbolun inkişafı ilə bağlı dövlətin qarşısına samballı planla çıxılmalıdır. Yoxsa "futbola pul qoymaq istəyən yoxdur", "sponsorlar yoxdur" və s. kimi açıqlamalar Azərbaycan futbolunun qatillərini müdafiə etməkdən başqa bir şey deyil. Necə ola bilər acından ölən Ermənistanın, o cümlədən bizim verdiyimiz neftlə ayaqda qalan Gürcüstanın yüksək liqasında 10 komanda oynaya bilir, orda 10 komandanı saxlamağa sponsor tapılır, bizdə yox? Necə olur Gürcüstanda ölkə kubokunda 32 komanda mübarizə aparır bizdə 12? 3.5 milyon əhalisi var e bizdən 3 dəfə kiçik ölkədilər...
Anar XANLAROV