Qvatemala milli komandasının qapıçısı Rikardo Xeres həmyerlisi Nikolas Hagenin “Səbail”ə keçidinə münasibət bildirib.

Rekord.az xəbər verir ki, “ESPN Guatemala”ya danışan 34 yaşlı qapıçı, Hagenin onu təəccübləndirdiyini bildirib:

“Azərbaycan məsələsi məni təəccübləndirdi, çünki oranın futbolu haqda heç nə bilmirik. Azərbaycandan olan bir futbolçu tanımıram, buna görə təəccübləndim. Onun futbolun daha vacib olduğu bir yerə gedəcəyini düşünürdüm”.

Xeres, Hagenin Qvatemalanı ölkə xaricində layiqli təmsil edə biləcək potensialda olduğunu da deyib:

“Legioner həyatı yaşamaq üçün ən yaxşı potensialı olan futbolçulardan biri Hagendir. O, ölkə xaricində işləmək fürsəti tapıb. Niko bu vəziyyətdə yeni bir dil və yeni bir mədəniyyət öyrənəcək. Ümid edirəm ki, o, çox yaxşı işlər görür və idmana, insanlara dəyər verilən, futbolçunun üzərində işləyən bir komandadadır. Nikonun çox xəyalları, arzuları var və onları həyata keçirmək üçün şəraitinin olduğunu da bilirəm”.

Rikardo Xeres Azərbaycan Premyer Liqası haqda da danışıb:

“Mən sizinlə Azərbaycan Premyer Liqasını bilməyən bir adam kimi danışıram. Heç orada qapıçılar üzrə məşqçinin olub-olmadığını da bilmirəm. Hagen, Qvatemaladan heç kimin gözləmədiyi bir liqaya getdi. Çünki Azərbaycan futbol ənənəsi olmayan bir ölkədir, Premyer Liqalarında da cəmi 8 komanda var”.