Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov bu gün Şirvan şəhərində səfərdə olub. "Rekord.az" xəbər verir ki,  federasiya prezidenti, Şirvan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Hacıqabul RVK təsisçisi Şəhriyar Piriyev və digər qonaqlar Şirvan Olimpiya İdman Kompleksində təşkil edilən Hacıqabul Regional Voleybol Klubunun tərkibində olan rayon komandalarının məşqini izləyiblər. 
Qonaqlar burada idmançılar üçün yaradılan şəraitlə yaxından tanış olublar. 
Tədbirdə uşaq voleybolunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışan Ş.Bağırov uşaqlarla maarifləndirici söhbət aparıb və onlara professional voleybolçu olmaq yolunda ciddi çalışmalarını tövsiyə edib. AVF prezidenti ölkə üzrə müxtəlif yaş qrupları üçün yarışların sayının artırılacağını vurğulayıb. Ölkə birinciliklərində region komandalarının da iştirakının vacibliyini bildirən Ş.Bağırov yeni yaranan Hacıqabul RVK-da görülən işləri və yay aylarında burada uşaqlar üçün təşkil olunan düşərgəni yüksək qiymətləndirib. AVF prezidenti bildirib ki, uşaqların inkişafı, yeniyetmə və gənc voleybolçuların hazırlanması üçün federasiya əlindən gələni edəcək.