Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-intizam komissiyasının iclası keçirilib. "Rekord.az" xəbər verir ki, toplantıda Hakimlər kollegiyasının fevralın 10-da AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətə baxılıb.

Müraciətdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V tur çərçivəsində keçirilmiş “Xarı bülbül” - “Neftçi” qarşılaşmasında nizam-intizam qaydalarının pozulduğu bildirilmiş, bununla bağlı müvafiq qərar verilməsi xahiş olunmuşdur.

Bu gün keçirilən iclasda yuxarıda vurğulanan oyunda “Xarı bülbül” klubunun kapitanı İlqar İmamquliyevin nizam-intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilmişdir. Bütün bunları nəzərə alaraq AVF-nin reqlamentinə əsasən İlqar İmamquliyevə xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.

Qeyd edək ki, Hakimlər kollegiyasının AVF-yə müraciəti fevralın 10-da edilmişdir və həmin gün keçirilməsi nəzərdə tutulan VI turun “Xarı bülbül” - “Murov” matçı da təxirə salınmışdır. Bu qarşılaşmanın vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.