1-3 mart 2023-cü il tarixlərində Astara Pedoqoji Kollecində Astara rayon Gənclər və İdman İdarəsi və Astara Pedoqoji Kollecinin birgə təşkilatçılığı ilə “5 mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “İdman həftəsi” çərçivəsində voleybol idman növü üzrə tələbələr arasında turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirin açılış mərasimində Astara Pedoqoji Kollecinin direktoru Ağababa İbrahimov və Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazadə çıxış edib.

Çıxışlarda 5 mart- Bədən Tərbiyəsi və İdman gününün qeyd edilməsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliklərinin “ İdman həftəsi” çərçivəsində həyata keçirdikləri turnirlər, viktorinalar, yoldaşlıq görüşləri, ustad dərsləri, əyləncəli idman oyunları və digər tədbirlərin keçirilməsi barədə məlumat verilib.Tədbirin məqsədinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, voleybol idman növünün kütləviliyinin inkişaf etdirilməsi, tələbələrin fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi olduğu qeyd olunmuş, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən bəhs edilmiş və tələbələrə yarışda uğurlar arzulanıb.

Turnirdə 8 komanda Olimpiya sistemi üzrə mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən turnirdə I yerə “Gənclər”, II yerə ”Zəfər” və III yerə ”İdmançılar” komandaları layiq görülüb.

Fəxri yerləri qazanan komandalara və turnirin təşkilində fəal iştirak edən müəllimlərə Astara rayon Gənclər və İdman İdarəsi və Astara Pedoqoji Kollecinin birgə təsdiq etdikləri diplomları və fəxri fərmanları təqdim olunub.

Turnir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.