Xəbər verdiyimiz kimi, AFFA mövsümün əvvəlində maddi dəstək kimi “Qəbələ”yə 1.5 milyon manat ayırsa da həmin puldan bu günə kimi cəmi 300 min manat klubun büdcəsinə yatırılıb. Ümumiyyətlə, federasiya vəsaiti tam olaraq yox, hissə-hissə verməyi düşünür.

Rekord.az-a daxil olan başqa bir yeni məlumata görə, pulun bu formada verilməsinin, yaxud başqa formada desək, verilməməsinin əsas səbəblərindən biri “Qəbələ” rəhbərliyinin növbəti dəfə I Divizionda oynamaqdan imtina etməsidir.

Belə ki, AFFA sözügedən vəsaiti ayıranda klub qarşısında bəzi şərtlər qoymuşdu ki, o şərtlərdən biri də klubun əvəzedici komandasının I Divizionda iştirakı idi. “Qəbələ” isə maliyyənin yetərli olmadığını əsas gətirib bu şərti yerinə yetirmək istəmir. AFFA da məhz bundan acığa düşərək, vəd etdiyi pulu qırız-qırıq kluba köçürür. Hələ əvəzedici söhbətinə görə, məbləğin azaldılacağı dsa istisna deyil.